Azərbaycan mədəniyyətinə itki üz verib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin keçmiş müəllimi, Əməkdar rəssam Faiq Abdullayev 2020-ci il 28 oktyabr tarixində, 75 yaşında vəfat edib.

Faiq Nağı oğlu Abdullayev 9 may 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Gəncə şəhər 23 saylı orta məktəbi bitirib. Təsviri sənət üzrə ilk ixtisas təhsilini Gəncə şəhər Uşaq rəssamlıq məktəbində alıb. 1968-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1976-cı ildə V.Muxin adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Sənaye Məktəbini sənaye incəsənəti ixtisası üzrə bitirib.

1985-1998-ci illərdə Məhsəti Gəncəvi adına Gəncə Pedaqoji Texnikumunda rəsm müəllimi, Gəncə şəhər Arxitektura və inşaat şöbəsində rəssam, Gəncə şəhər Uşaq rəssamlıq məktəbində direktor vəzifəsində çalışıb, Gəncə şəhər Tərtibat, Reklam və Dizayn Şöbəsində rəssam işləyib. Gəncə şəhərində fəaliyyət göstərən “Kəpəz” bədii yaradıcılıq istehsalat mərkəzində rəssam kimi fəaliyyət fəaliyyətini davam etdirib, Gəncə şəhər Uşaq rəssamlıq məktəbində müəllim işləyib.

Rəssamın Bakı (1995), Şəmkir (2015) və Gəncə (2015) şəhərlərində sərgiləri təşkil olunub. Fırça ustasının 2003-cü ildə Ukraynanın Odessa şəhərində sərgisi keçirilib. Ölkəmizin və Ukraynanın fəxri fərmanlarını alana layiq görülən Faiq Abdullayev 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar rəssam” fəxri adını alıb.

Tanınmış rəssam Faiq Abdullayevin əziz xatirəsi onu tanıyanların və sevənlərin qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...