Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kiçik səhnəsindən yaradıcı sıçrayış

Böyük və ya kiçik səhnə, nə fərqi var? Hər ikisi ciddi sınaq meydanı deyilmi, istedad, elmi bilik və təcrübi səhnə imkanlarının təcəssümünü tələb etmirmi? Əslində, kiçik səhnə özünü sınamaq istəyənlərin və əlavə yaradıcılıq sahəsinə ehtiyacı olanların meydanıdır. Qidası səhnə olan aktyor üçün kiçik səhnədə tamaşa oynamaq çox çətindir, çünki tamaşaçının aktyorla nəfəs-nəfəsə dayandığı bu səhnədə hər bir mimika, hər bir nəfəsalma, səsin xaric və ya ifa köklüyündə olması daha qabarıq hiss edilir. Belə bir ağır yükün altına girə bilən hər bir aktyoru inam və cəsarətinə görə alqışlamaq lazımdır, çünki Keçid Körpüsünün imtahanı çox ağırdır.

Kiçik Səhnə və onun müasir qəhrəmanları

Samuel Bekket. “Sözsüz”

Biz incəsənətlə ona görə məşğul oluruq ki, təəssüflərdən qaça bilək.

Qaça bilirikmi? Əgər taleyimizi biz yazmamışıqsa, təəssüflərdən qaçmaq imkanımızın nəyə bərabər olduğunu da, çox güman ki, bilirik.

Əməkdar Artist Şövqi Hüseynovun yaratdığı Kişi obrazının səhnə taleyi təəssüflər üstündə qurulmuş bədii yalandır. Bir neçə monotamaşa oynayan Şövqinin bu sahədə özünəməxsus təcrübəsi var. Rusiya, Amerika, Türkiyə, İran, Orta Asiya, Moldova, Ukrayna, Belorusiya və s. kimi ölkələrin çox ciddi festival və müsabiqələrindən əsasən “Ən yaxşı kişi rolu”na görə yüksək mükafatlara layiq görülən istedadlı aktyor hər yerdən ümidi üzülən insanın öz şansına çata bilməməsinin doğurduğu təəssüf hissini qabarıq səhnə cizgiləri ilə yaşayır.

Zalı duymaq və onu əldə saxlamaq bacarığına malik Şövqi Hüseynov Kişinin iztirablarını, nəfəsinin daralmasını, cəmiyyətdən təcrid olunduqdan sonra təkləndiyini daxili oyun tərzi ilə gerçəkləşdirir. Tamaşada aktyorun həyati riski də var. O, tavandan salladılmış ipdən asılı vəziyyətdə məskunlaşıb. İpi kəsib özünü ondan xilas etməyə çalışır. Bu ip oyunu bir neçə məna ilə çözümlənə bilər: qapalı məkandakı problemlərdən qurtulma və ya ömrün ipini qırıb bu həyatdan qurtulma – intihar. Aktyor plastik etüdlə gerçəkləşdirdiyi bu məqamlarda həm ifaçı-insan kimi, həm də obraz kimi tamaşaçıda həyəcan hissi doğurur. Əlbəttə, vəziyyətin idarə olunması üçün aktyordan fiziki güc, çeviklik tələb olunur. Çünki epizodun hadisəsi bir neçə metr yüksəklikdə, ipdən asılı vəziyyətdə cərəyan edir. Bu zaman aktyor yaratdığı obrazın bütün daxili təbəddülatını təbii ifası ilə yaşayır.
Nəhayət, ip qırılır!.. Tamaşaçılardan bir qorxu küyü eşidilir. Əzilib qol-qabırğasının sınacağından narahat olan tamaşaçı gözlərini dörd edib yerdə çapalayan aktyoru həyəcanla izləyir: əzildimi? Yox! Aktyor fiziki mizanı məahrətlə gerçəkləşdirdi! Bax, bu, böyük istedadın fərəh doğuran bir çalarıdır.

Tamaşanı bizimlə izləyən Şövqi müəllimin həyat yoldaşı aktrisa Şəbnəm xanım Hüseynovaya bir neçə həmkarı həyəcanla dedi:”Niyə icazə verirsən belə təhlükəli oyuna?” Şəbnəm xanım üzündə xoş bir təbəssüm susur. Bu, inamdır: həyat və səhnə tərəfmüqabilinə!

Şövqi Hüseynov iyirmi beş illik aktyor, eyni zamanda, monotamaşa oynamaq təcrübəsinə malikdir. Yuxarıda qeyd etdiyimiz kimi, dünyanın onlarla nəhəng teatrlarının səhnəsini fəth edib. Sözsüz ki, onun ifası uğurlu alınmalıdır.

İfaçı-aktyor Şövqi Hüseynov, tənha kişi personajının səhnə təcəssümü ilə, həmişə olduğu kimi, özünün zəngin daxili dünyasını əks etdirdi.

Tamaşada maraqlı tapıntılardan biri kimi obrazın başı üstündə dolçada olan su diqqəti cəlb edir. Azərbaycan teatr sənətində su bu şəkildə istifadə olunmayıb.Həyatının böhran məqamında əlini nəyə atırsa, boşa çıxan, çıxılmaz vəziyyətə düşən milyonlarla insan var. İnsan bir içim su uğrunda mübarizə aparır. Lakin o su da ona nəsib olmur. Əslində bu, insanın su uğrunda deyil, əli yetməyən taleyi, nicatı uğrunda mübarizəsidir. Bəlkə də əlindən buraxdığı imkanıdır ki, ona yetə bilmir. Bax, bu təəssüflərdən qaçmaq üçün insan mövqeyini, yaşayış tərzini düzgün seçməyi bacarmalı, hər bir işdə tarazlığı gözləməlidir. Belə bir maraqlı ideyası olan tamaşaya hər kəs öz meyqeyindən yanaşacaq, onu öz fərziyyəsi ilə yozumlayacaq. Əlbəttə, əsl aktyor istedadına malik, Əməkdar artist Şövqi Hüseynovun monoifa təbəddülatı ilə!

İsa Əsədov bir rejissor kimi, özünü ilk dəfə səhnədə sınayır. O, şanslarını əldən vermiş, indi isə bütün varlığı ilə ona çatmaq üçün çapalayan, min bir əziyyətə qatlaşan insanın maddi və mənəvi problemlərindən danışan monotamaşanı dinamika, him-cim və mürəkkəb fiziki elementlər əsasında qurmuşdur və bununla təcəssüm istəyinə nail olmuşdur. SÖZSÜZ ki, Əməkdar artist Şövqi Hüseynovun tükənməz enerjisi və bənzərsiz ifasına arxalanaraq.

Teatrın aktyoru Müşfiq Əliyev daxili imkanlarını sınadığı bu tamaşada səhnəni idarə etmək baxımından ilk uğuruna imza atdı.

OBRAZIN KATARSİS HALI

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşunda tərcüməçi-dramaturq Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” monotamaşasına elmi-təcrübi yanaşma
Quruluşçu rejissor- Ayla Osmanova
İfaçı – Səbinə Məmmədova

Ekzpozisiya sadə bir görüntü ilə vizuallığa uğrayır: yarıqaranlıq məkanda gördüyümüz yeganə detal çarpayıdır. Bu, proloqdan finala qədər faciə məkanına çevrilən məhkumluq çarpayısıdı.

Aktrisanın zümzüməsi eşidilir, astaca əl görünür. Hadisəyə keçid üçün təməl rolunu oynayan və düyün yaratmaq üçün ifaçı tərəfindən informasiya ötürümü başlanır: personaj çarpayının arxasında yerdə oturub zümzümə edir. Aktrisanın təcəssüm zümzüməsində istər-istəməz tamaşaçı ruhuna kədər çiləyən maraqlı minor milizm gizlənib. Nəhayət, aktrisa təyin olunmuş təcəssüm mizanına keçir: “Mənə soyuqdu,”-deyib büzüşən obraz-aktrisa əslində məkan soyuqluğundan deyil, fikir soyuqluğundan üşüdüyünü ötürür.

Obrazın daxili etirazı onun sadə bir ritorikasında açılır: “Heç adamın da əlini-qolunu bağlayıb onu sağaltmaq olar?” Bəli, psixiatriya dispanserində tənha çarpayıya məhkum olunmuş gənc, gözəl qız yaşından çox verdiyi həyat mücadiləsi nəticəsində pixiofizioloji labirintə düşmüş, anlamazlar tərəfindən bağlı qapı arxasına salınmışdır. Vaideyn basqıları, işlədiyi müəssisələrdə gördükləri, ona olan təzyiqlər ruhunu elə sirkələmişdir ki, sağlam ikən şikəstə çevrilmişdir. Yaxın keçmişini qısaca xatırlamaqla, obrazın bu gününün dəqiq diaqnozunu vermək olar. Qız anasına: “Ay arvad, heç kişini də qoz qabığına salıb cibində gəzdirmək olar?” Bu bir cümlə qadın qısqanclığını, kişinin həyat tərzini, ailədə baş verənləri bütün təfərrüatı ilə aydınlaşdırır. Bu da görünməyən obrazların tablosudu. Onu müəllif, rejissor və ifaçı informasiya ilə gerçəkləşdirir. Obraz – Aktrisa qalmaqal mühitində süd əmib.

Uşaqlıq illərinin xatirələri tamaşaçının qəlbinə kövrət notlar səpir: bir qız uşağının bütün istəkləri nakamdı: rəqsə getmək istəyib, qoymayıblar, musiqi təhsili almaq istəyib, icazə verməyiblər. Hüquq fakültəsinə qəbul olunub, atasının vecinə olamyıb. Buna görə də Qız sındıqca sınıb. Nəticə isə çox ağırdı: o, tədricən psixofizioloji gərginliyə tuş gəlir. Aktrisa bu prosesi çılğın, titrək səslə təfsir edir. Bir qız uşağının nakam arzuları bizi kövrəldir.

Səbinənin oyun gerçəkliyi üçün çarpayıdan savayı heç bir detalı yoxdur. Ayla xanım, quruluşçu rejissor kimi, dar məkandan və məhdud imkanlardan bacardıqca çox, həm də məharətlə istifadə etməyə çalışıb. Çünki quruluş baxmından Ayla xanımın bir sıra maneələri də vardır ki, bu da indiyə qədər Kiçik Səhnədə gerçəkləşən tamaşalarla bağlıdır: döşəmədən tutmuş tavana qədər hər bir detaldan, fiziki fəaliyyət üçün çoxsaylı vasitələrdən və elementlərdən istifadə olunub. Bu baxımdan, mizan-fəaliyyət gerçəkliyi üçün seçilən detal – çarpayı, bir da aktrisanın fərdi peşə imkanlarıdır. Bu baxımdan rejissor tamaşanın plastik həllini ifaçının potensial imkanlarına hesablayıb. Nəticədə, yozum imkanlarını, dramaturji materialı düzgün oxuya bilib və bunu bizə oxutdura bilir. Bütün çərçivələrə baxmayaraq, sevinirik ki, rejissor konsepsiyası ideya çözümünə yol açır: insanları tənhalığa düçar olmağa qoymayın; dar anında yanında olun; dünyanın ən ağır və dəyərli vasitəsindən – SÖZdən istifadə edin, təsəlli verin!

Səbinə dramaturqla rejissorun psixiofizioloji vəziyyətdən qaynaqlanan təcəssümünü sakit səs çaları ilə gerçəkləşdirir. Obrazın etirazlarını emosional çılğın, vəhşi bağırtılarla deyil, nisbi sakit-emosional, daxili təbbəddülatdan doğan həyəcanla ifa edir. Ginekologiya şöbəsində işə düzələn personaj – Səbinə tamşaçıya çox dəhşətli informasiya ötürür. Qalıq qabının içində doğranmış körpə barmaqlarını görüb ürpənir. Düzü, bu məqam gerçəkliyində daxilimizdən sanki elektrik cərəyanı keçdi: necə yəni bapbalaca barmaqlar? Sonra təhtəlşüurumuzda gizlənən emosional yaddaş fəaliyyətə keçdi: axı, hamiləliyin süni pozuntusu zamanı bədən üzvləri hissə-hissə ambutasiyaya uğrayır. Qalıqlar qabında doğranmış barmaq hissələrinin olması labüddür. Bu, xanım dramaturqun mənəvi ağrılarının təcəssümüdü. Bunu duyub səhnə oyununa çevirən rejissor və onun səhnə yükünü daşıyan aktrisa eyni ağrılar aurasındadırlar. Belə bir real baxış həyatımızın müdhiş bir tablosunun rəsmidir. Dramaturq tamaşaçısına çox ciddi sosial problemləri çözərək ötürməyə çalışır, ağıllı tamaşaçı bunu duyur.

Səbinənin “Tanqo”su çox məharətli ifadır, qəbul etməmək, bəyənməmək mümkün deyil. Sözsüz ki, bu məharət aktrisanın xoreoqrafiq təhslindən irəli gəlir. Lakin ritmik gerçəkliyin, maraqlı plastik həllin arxa planında böyük təəssüf hissi gizlənib. Dramaturq, rejissor və ifaçı qulağımıza pıçıldayır: “Kaş ki, gerçəkliyimiz bu “Tanqo” qədər gözəl olaydı!

Rejissor dramaturqun təklif etdiyi obraz etiraflarını aktrisanın ruhunu elə hopdurub ki, istər-iatəməz tamaşaçı qəlbinə sirayət edir. Sözsüz ki, Səbinə Məmmədova istedadlıdır və o, obrazın etiraflarınıbizə ötürə bilir. Elə səviyyədə ötürür ki, onun katarsis halına inanırıq. Bu, özünü daxili təmizləmədi və bu katarsis halı tamaşaçı ruhuna nəm səpir.

Tamaşa bütün zahiri ötürümü ilə tamaşaçı daxilinə gizli bir informasiya sızır: bu gözəl qızı bədbəxt edən mühitdir. Trionun – müəllif, rejissor və ifaçının da üsyanı həmin mühitə qarşıdır. Deməli, günahkar cəmiyyətdir. Bu baxımdan da, yuxarıda xatırladığımız ideya çözülür.

Monotamaşanın uğurunun başında çox təcrübəli bədii-yaradıcı heyət dayanır: quruluşçu rəssam Reyhan Aslanova, rəqslərin quruluşu Ceyhun Dadaşov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq üzrə rəssam Vadim Kuskov və ən əsası isə bədii quruluş hissə müdiri Zəminə Erbir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kiçik Səhnəsinin bu maraqlı töhfəsi kollektivimizin peşəkarlığı, səhnə sənətinə sədaqəti kimi dəyərləndirilə bilər.

Rafiq Rəhimli,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
ədəbi-dram hissə müdiri

RUHİ QOVUŞMANIN TƏCƏSSÜMÜ

İstedadlı yazıçı-dramaturq Tamara Vəliyevanın Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşunda “Cəza” təcəssümü qısa vaxt ərzində dünyanı fəth edib:

Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında,Hindistanda keçirilən VIII Beynəlxalq Teatr Olim¬piadasında, Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhə¬rində keçirilən VIII Beynəlxalq Monodram tamaşalar festivalında, RF Başqırdıstan Respublikasının Ufa şəhərində keçirilən “Tuqanlıq” adlı Türkdilli Xalqların VI Beynəlxalq Teatr Festivalında bədii dəyəri yüksək dramaturgiyaya, parlaq ifaya və tamaşaçı məhəbbətinə görə yüksək dərəcəli laureat diplamlarına, təltif və mükafatlara layiq görülüb.
***
Yaradıcılığı ideya baxımından bəşəri duyğunlar kontekstində ciddi dramaturji yük ötürücüsü missiyası daşıdığı üçün Tamara Vəliyeva, bir yazıçı-dramaturq kimi, hər görüşündə tamaşaçı-oxucu diqqətinin mərkəzində olur. Sosial problemlər, insan amili, vətənpərvərlik və s. gözəl insani duyğular bu xanım yazarımızın yaradıcılığının ali ideyasını təşkil edir.

Psixofizioloji gerçəklikdən yoğrulmuş yeni səhnə təcəssümü - “Cəza” monotamaşasında da Tamara xanım seyrçiləri üçün elə bir mənzərə yaradır ki, sanki uzun bir teleseriala baxırsan. Xoşbəxt və bədbəxt bir qadının hər iki anlamda tale mənzərəsi, onun simasında silsilə obrazlar, onların məram və məqsədləri, əxlaqi-sosial keyfiyyətləri, həyati-davranış tərzləri, xarakterləri, insanlığa-bəşəriyyətə münasibətləri gözlərimiz qarşısında canlanır. Təbəddülat tamaşaçını qeyri-adi dərəcədə heyrətə salır: yəni dünyada elə bir qadın ola bilərmi ki, həm zahiri, həm daxili gözəl ərini, iki körpə oğlunu qoyub xislətini bilmədiyi yad ağuşuna can atsın? Var! Bu, psixofizioloji gerçəklik mövzu və ideyası baxımından təkcə ölkəmiz üçün deyil, həm də bütün müasir dünyanın psixoloji ab-havasını əks etdirir. Belə təcəssüm məişət dramı səviyyəsindən sosial yüklü çox yüksək pilləyə sıçrayır ki, bununlada dramaturq məqsədi, tamaşanın ideyasıqloballaşır və bütün mətnaltı mənaları ilə sekulyarlaşır.

Bəs, dramaturq kimi cəzalandırır və ya kim-kimi cəzalandırır? Təqdim olunan cəza nəyin cəzasıdır? Psixoloji ab-hava tamaşaçını ağuşuna alıb çox pərt edir: xoşbəxt Qadını zəngin həyat tərzi, gözəl əri, iki oğlu, maddi imkanları qane etmir. O, maddi və fiziki gözəlliyini yad gözlərə tuş gətirmək istəyir. Buna görə də yeni həyat tərzi yeni intim istəklərə qapı açır. Qadın heç bir etiq-əxlaqi sərhədi gözləmədən o qapıdan içəri addımlayır, o andaca dərin uçuruma yuvarlanır, “əxlaqsız” damğası ilə ərinə, övladlarına, imkanlarına vida deməli olur. Bu rüsvayçılıq onu tənhalığa sürükləyir. Nəticədə, öz günahı ucbatından aldığı cəza...

“Qadın.Qaranlığın içindəyəm. Bilirəm... Bilirəm, qar əriyəndə gümüşü rəng yerini palçığa verir. Bilirəm,ölüm ayağında edilən tövbə qəbul olunmur. Odur ki...susuram! Mənim ovcumda ürəyimin qırıqları var. Alın atın onu. Məni çox incidir. Deşib məni içəridən. Mən elə qaranlığa, elə səssizliyə dartılıram ki, sizin məni görməyəcəyinizdən qorxuram. Burdayam. Baxın...ovcum qan içindədir”.

Qadının ovcu qan içindədir... Niyə? Məgər Qadın nəfsani hisslərə uyub, maddi və mənəvi təminatı olduğu halda, özgə ağuşlara can atmalıdır? O, unudur ki, özgə eynəyi adamı tez kor edir. Məhz bu həyati məntiq bəsirəti kor qadını dönüşü, həm də qaranlıq otaq kimi, hansı dəliyindən nə çıxacağı bəlli olmayan bir mühitə, vəziyyətə salır. Bax, əsl cəza da budur! Lakin bu cəzanın ən böyüyü, ən üstünü özünüdərkdir. Namus ləkəsi, şəhvət ləkəsi, barışmazlıq, güzəştsizlik ləkəsi canavar kimi daxilini gəmirir. Maddiliyi də, mənəviyyatı da paramparça olub. Həyat meydanında uduzmuş bir insanınisə bu həyatda məlhəmi olmadığı kimi, yeri də yoxdir.

İdeya cözümlənməsi belə mürəkkəb karkasdan sıçrayıb, öz sadəliyi və aliliyi ilə üstümüzə nur səpələyir:
-dünya, ailə, namus tarazlığını pozma;uyma və aldanma;hisslərini cilovlamağı bacar;halal təknənə haram qatma! Bir sözlə, suyun tərsinə üzmə!

Bu tələb Yaradanın və dövlət konstitusiyamız, eyni zamanda, insanlığın tələbidir – bəşəri tələbdir! Bax, məhz bu baxımdan, “Cəza”nın alt qatında yatan məna prosesdə sekulyarlaşır.

Adətən, informasiyaötürücü obrazlar publisistik obraz, informasiya xarakterli tamaşalar publisistik dram xarakteri daşıyır və müasir tamaşaçıda ikili fikir oyadır. Tamaşaçı gözləri qarşısında baş verən, düyünlənən, zidiyyətləri gərgin və s. janr xüsusiyyətli tamaşalara həssaslıqla yanaşır. Biz bu tək ifa təcəssümündə Qadının psixoloji sarsıntılar burulğanında bədii xatırlama ilə sokral vəziyyətdə təcəssümünü görürük. Nəticədə, gözlərimiz qarşısında böyük şəhər, onun sakinləri, Qadının ailəsi, yaşayış tərzi, müsbət və mənfi insanları bu tabloda aydın bədii boyalarla canlanır.

Deməli, ciddi dramaturq məqsədi quruluşçu rejissor və ifaçı-aktrisa tərəfindən aydın duyulmuş və ustalıqla səhnə həllini tapmışdır. Bu baxımdan da qənaətlərimiz məhz tamaşanın ümumi ab-havasının və ötürdüyü hisslərin nəticəsidir. Dramaturji materialda o qədər ciddi dramatik ziddyyətlər var ki, o, təcəssümçüləri fərdi düşüncə ilə deyil, özünün tələbi ilə sokral vəziyyətə salır. Bizi belə düşünməyə tamaşanın mənzərəsi məcbur edirsə, deməli, dramaturq-rejissor-ifaçı çözümləməsi bu psixoloji ab-havanı yarada bilmişdir.

Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, bir quruluşçu rejissor kimi, böyük səhnədə ilk təcəssümü - Sartrın “Dəfn olunmamış ölülər” tamaşasından bu yana yalnız psixoloji yüklü, dərin ideyası, mövzu aktuallığı olan tamaşalara quruluş verib. “Cəza” da onu lirik-psixoloji ovqatı ilə, dramatik ziddiyyətlləri ilə, eyni zamanda ciddi dramaturji yüklü material kimi diqqətini cəlb edib.

Səhnə sənəti zaman və məkan anlayışından ibarətdir, çünki özəyini zaman və məkan anlayışı təşkil edir. Təqdim olunan psixoloji dramda bu məsələ Qadının taleyi baxımından çözümlənir: o, nə əvvəlki zamanında, nə də əvvəlki məkanındadır. Ora dönüşü də mümkün deyildir. Dramaturji materialın tələbinə uyğun olaraq Qadın yerlə göy arasında çaşqın bir vəziyyətdədir. Yeganə qurtuluşu intihardır...

Ümumiyyətlə, dramaturji ziddiyyətləri kəskin olan tamaşalar tamaşaçı ruhuna ciddi sirayətetmə gücünə malikdir. “Cəza” da belə gücə malikdir. Lakin dramaturq, quruluşçu rejissor nə qədər güclü olursa-olsun, tamaşaçı ilə üz-üzə dayanan, bütün teatr kollektivinin ağır zəhmətini özündə cəmləyib onunla ünsiyyətə girən aktyor-ifaçıdır.Təcəssüm prosesində əsas ötürücü missiya yükü onun ötürücüsünün üstünə düşür. Əməkdar artist Kəmalə Hüseynova, xanım dramaturqun ciddi dramaturji yük təklifini – obrazı ciddi rejissor cözümləməsi ilə sokral vəziyyətdə çatdırdı.

Kaməla xanım ifasının bütün psixoloji aspektləri ilə onu izləyən tamaşaçının daxilinə nüfuz edərək, bir qadın taleyinin keşməkeşlərini böyük peşəkarlıqla ötürür. İfaçı güclü olanda dramaturq, rejissor, ümumilikdə teatr məqsədi özünün təməl istəyinə çatır. Biz də öz “Cəza”mızla bu istəyimizə qovuşuruq.

Ölkəmizdə bir neçə xanım sənətkar var ki, onları fədakarlıqlarına, işləmək ustalıqlarına, daxili zənginliyinə görə çox istəyirəm. Onlardan biri də Kəmalə Hüseynovadır. Aktrisa prosesdə çox ağır yükün altındadır: ikinci plan gerçəkliyində aktrisa bütün sətraltı mənaların fövqündədir. Üçüncü plan oyununa əsasən isə özününəzarəti də unutmur. Səhnənin bu iki vacib məqamını dərk edərək, səhnə çərçivəsində çapaladığını, qovrulduğunu bütün plastik imkanları ilə gerçəkləşdirir. Rejissor bütün tamaşanı plastika üstündə həll etmişdir. Kəmalə xanım hər bir fizikin gerçəkliyin öhdəsindən məharətlə gəlir. O, gah stullardan düzəldilmiş yamacda, gah quş kimi səkən – iplərlə havada uçuşu icra edən, gah da həm evi, həm məzarı, həm şəhvət otağı olan hərəkətli sandıq üstündə fikirlərinin plastik çözümünü icra edən bir aktrisa-ötürücü missiyası daşıyır. Həddən artıq fiziki və mənəvi hazırlıq tələb edən “Cəza” sanki Kəmalə xanımın cəzasına çevrilir: ağır mənəvi və fiziki yükü ilə. Aktrisa bütün bu gərginliyin öhdəsindən elə məharətlə gəlir ki, tamaşaçı heyrətlənir, onu sevir, alqışlayır. Və onun fonunda dramaturqu və quruluşçu rejissoru, bütövlükdə GTT-ni alqışlayır.

Kəmalə xanımın Qadınının özünü ittiham məqamları çox sərt, çox dəhşətlidir. Aktrisanın üz cizgilərində olan sözsüz əzablar, keşməkeşlərin, daxili sarsıntı izləri, titrək dodaqlarından öz məna çalarında səpələnən sözlər, titrəyən əllərinin anlam jestikulyasiyası özündən, əməllərindən bezmiş, istəklərinə ikrah hissi olan bir qadının bütün daxili çırpıntıları tamaşaçı ruhuna təsir edir. Belə ağır və kəskin dramaturji yük, yuxarıda qeyd etdiyimiz kimi, aktrisa tərəfindən məharətlə daşınır və o, obrazı sokral vəziyyətdə, obrazın ruhi dünyasına qovuşaraq yaradır. Eyni zamanda, obrazı katarsis halına salır.

Lakin bu katarsis vəziyyətinin özü bir şübhə altındadır. Qadın etirafları ilə daxili dünyasını təmizləyə və ya törətdiyi cinayətlərdən yaxasını qurtara bilərmi? İki körpə balasını şəhvani hissinə qurban verən belə ananın daxili təmizlənməsi nə qədər düzdür? Aktrisanın obraz təcəssümündə yaratdığını katarsis halına salması qəbul ediləndir ya yox? Əlbəttə, günahkar aktrisa deyil, o, obrazının öhdəsindən məharətlə gələrək bir parlaq ifa nümayiş etdirir. Qeyd etdiymiz kimi, Qadın-personaj üçün katarsis halının mümkünlüyü şübhə altındadır. Ümumiyyətlə, bağışlanan və bağışlanmaz günahlar var. İnsan özünün daxili iztirabları və həyati keşməkeşləri ilə bundan hansına nail olduğunu yalnız O (!), BİLİR! Bax, dramaturq da, bu baxımdan, ilk baxışda aydın görünən, əslində isə mətnaltı mənalarda gizlənən böyük sual işarəsi ilə obraz ömrünü tamamlayır: intihar, yoxsa yaşamaq? Dramaturq da, tamaşaçı da belə qadına nə haqq qazandıra, nə də ona konkret bir yol göstərə bilər: xəyanət edən qadın özünü intiharla günahlardan təmizləyə bilərmi? Yaşayarsa, bu yaşayışın insanlıq, bəşəriyyət, övladları üçün nə xeyri? Dramaturq haqlı olaraq, belə bir böyük sual işarəsini tamaşa içində gizlədir. Lakin ideyası isə safdır, çünki mənəvi saflığa səsləyir.

Yığcam dekorasiya (quruluşçu rəssam Elxan Sərxanoğlu, quruluş hissə müdiri Zəminə Elbirin xüsusi iştirakı və yardımı ilə), dramaturgiyaya köməkçi vasitə olan musiqi (musiqi tərbibatçısı Ağasəlim Feyzullayev), işıq rəssamının işıq quruluşu (işıq üzrə rəssam Vadim Kuskov), tryukları hazırlayan və hərəktli kürsünün idarə edilməsindəki dəqiqlik(mexaniki avadanlığın xidmət rəisi İsa Əsədov)səhnə məkanına gözəl tərzdə hopdurulmuşdur ki, bu da tamaşanın bədii dəyərini yüksəldir.

İstedad-duyum-ötürmə... Yaradıcı xanım üçlüyündə - dramaturq-rejissor-ifaçı - parlaq bir təcəssüm mənzərəsi yaradır. Onlar istedad xərclənməsi fəndgirliyinə söykəndiklərindən dramaturgiya və teatr məqsədi öz aliliyi ilə gerçəkləşir.

Rafiq Rəhimli,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
ədəbi-dram hissəsinin rəhbəri

Məcid Vahidzadə. “Bir səbət tənhalıq”

Bu gün yer üzünü bürüyən tənhalıq xəstəliyi bəşəriyyətin oyanması üçün sanki həyəcan təbili çalır. “Xəstəliyə” müxtəlif vasitələrlə yoluxurlar, amma ondan qurtulmağın yolları eynidir: Ali Ötürücüdən insana hədiyyə olunan ağıl, vicdan, bir də insanpərvərlik duyğusu.

Güşvər Şərifovanın indiyə qədər oynadığı rollardan fərqli bir ampluada təqdim etdiyi Qız obrazının taleyi, daha doğrusu, talesizliyi məhz bu yöndən çözümlənir. O, qozbel Qız obrazının daxili sarsıntılarını, arzu və istəklərini qabardaraq, psixofizioloji səhnə gerçəkliyinə daxil olmaq üçün tamaşaya qapı açır.

Yaşadığı mühitdə ona təsəlli olan bir gəlincik var. Bu gəlincik övlad arzusudur. Hər bir bəşər övladını tənhalıqdan qurtaran, sabaha ümidlə baxmasına qüdrətli bir vasitə olan övlad! Güsvər Qızın bu həsrətini, arzusunu tamaşaçıya ötürə bildiyindən, hamının qəlbində təəssüf hissi doğurmuşdu.

Eşqin Quliyevin ən çox xoşuma gələn cəhəti onun oynadığı personajlara səmimi münasibətidir. Bu səmimiyyəti, bir tamaşaçı kimi, oxuya bilirəmsə, deməli, təcəssüm düzgündür.

Tamaşada ən xoşumuza gələn cəhətlərdən biri də bu idi ki, səhnədə görünməyən obrazların təsəvvür-obrazlarını gördük: toy adamları, qonşular. Personajların səs effektləri ilə, üstəlik mono ifalar müddətində onları təhlilsiz anlatması aktrisa tərəfindən gerçəkliyin düzgün ifasının göstəricisisdir. Rejissor yozumu da belə məqamlar təcəssümü üçün dəqiq, həssas və aydın idi.

Səbətə toplanmış tənhalığı pəncərədən atıb-tullamaq da olar, onunla birgə yaşamaq da. Seçim personajındır. Seçim tamaşaçınındı.Bütün bu qənaətlərim tamaşadan qidalandı. Deməli, tamaşa alınıb!

Tamaşanın musiqisi az olsa da, əsas ideyasına köməkçi vasitə rolunu oynayır. Tamaşaçı marağına səbəb olan rekvizit və əşyalara, ən əsası isə dekorasiyaya malik bədii tərtibat Kiçik səhnəyə uyğun yığcam və konkretdir. Oyun üçün seçilən detallardan düzgün istifadə olunur.

Quruluşçu rejissor, Əməkdar artist Nofəl Vəliyev bədii matetialı düzgün yozumladığı və onun plastik həllini düzgün tapdığı üçün tamaşa-təcəssüm məqsədi aydın şəkildə açılır.

Nofəl Vəliyev söz oyunundan fərqli bir səhnə oyunu qurmuşdur. O, personajların taleyinin gözə görünməyən tərəflərini aktyorların daxili oyun tərzi ilə gerçəkləşdirməyə çalışır və buna əsasən nail olur.

Nofəl, istedadlı bir aktyor kimi, həmkarlarını duyduğu problem yozumuna doğru istiqamətləndirir. O, dramaturji materialın ideyasından irəli gələn rejissor ali məqsədini, fərdi yozumları ilə olsa da, tamaşaçıya ötürə bilir.

Tamaşanın əsas baş qəhrəmanı Qız finalda pəncərəni açır. Əlində qəlbinin rəsmləri, üzündə təbəssüm var. Eyni zamanda, yolunu gözlədiyi şahzadəsinin xəyalı da əllərində gül-çiçəklə görüşünə gəlib. Deməli, hələ ümid qırılmayıb. Təkcə bu ideya və finala görə müəllifə də, quruluşçu rejissora da, ifaçılara da təşəkkür etmək olar.
Tamaşa bədii dəyəri və effektləri ilə bizi qane etdi. Quruluşçu rejissor Nofəl Vəliyev, səhnə tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradova, işıq üzrə rəssam Vadim Kuskov bir ansambl kimi, tamaşanın bədii dəyərini hər tərəfdən açmağa çalışıblar və buna əsasən nail olublar.

Məcid Vahidzadənin “Bir səbət tənhalıq” tamaşasının qəhrəmanları tənhalıq əziyyətini çəkirlər, lakin həyatdan ümidlərini qırmayıblar. Hər biri öz könül şahzadəsini gözləyir. Xoşbəxtliyin onların da evlərinə daxil olması üçün bir ümid işığı var. “Bir səbət tənhalığ”ın rejissor yozumu və ifası təcəssüm uğurunun təminatçısı olduğu üçün yaradıcı heyətdən razı qaldıq.

*** *** ***

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi repertuar siyasətinə diqqət və həssaslıqla yanaşaraq, Kiçik Səhnədən sənət sözünü demək iqtidarında olanlar üçün əsl-həqiqətdə yaradıcılıq meydanı açmışdır. Bu meydan əsl istedadlar üçündür!

Rafiq Rəhimli,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
ədəbi-dram hissə rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə