Astarada tanınmış bəstəkar Oqtay Kazıminin xatirə lövhəsinin açılışı olub FOTOLAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 avqust tarixli Sərəncamına əsasən, Əməkdar incəsənət xadimi, Xalq artisti, tanınmış bəstəkarı Oqtay Kazıminin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bəstəkarın doğulub boya-başa çatdığı Astara şəhərindəki Uşaq Musiqi Məktəbinə onun adı verilib.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, bu münasibətlə Astara Uşaq Musiqi Məktəbində tədbir keçirilib.

Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirdən əvvəl musiqi məktəbinin giriş hissəsində Xalq artisti, bəstəkar Oqtay Kazıminin adının əbədiləşdirilməsini əks etdirən lövhənin açılışı olub.

Tədbir musiqi məktəbinin akt zalında davam etdirilib.

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə dahi bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir bəy Hacıbəylinin zəngin həyat yolu və fəaliyyəti haqqında ətraflı məlumat verib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Diqqətə çatdırılıb ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, Astara Uşaq Musiqi Məktəbinə və Astara şəhərinin küçələrindən birinə Xalq artisti, tanınmış bəstəkar Oqtay Kazıminin adı verilib.

Tədbirdə musiqi məktəbinin müəllimi Aybəniz Dadaşovanın dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi ilə əlaqədar məruzəsi dinlənilib.

Oqtay Kazıminin gəlini Gülçin Kazımi, qardaşı qızı Elza Kazımova çıxışlarında tanınmış bəstəkarın mahnılarının əbədiyaşar musiqi olaraq daim yaşayacağını bildiriblər.

Musiqi məktəbinin direktoru Çingiz Eyvazov çıxışında kollektivinin üzərinə daha böyük məsuliyyətin düşdüyünü və bundan sonra respublika səviyyəli və beynəlxalq müsabiqələrdə Oqtay Kazıminin adına layiq fəaliyyət göstərəcəklərini söyləyib.

Bəstəkarın oğlu Elçin Kazımi tədbir təşkilatçılarına minnətdarlığını bildirərək atasının mahnılarından ibarət diskləri və onun haqqında yazılmış kitabları musiqi məktəbinə hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə