Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub FOTOLAR

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli dünya əhəmiyyətli tarixi abidə olan Çıraqqalada aparılan bərpa-konservasiya işləri ilə tanış olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsində bərpa işlərinə ötən il başlanılıb.

Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qalanın 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılmışdır. Həmçinin bürclərarası qala divarları bərpa-konservasiya olunub, ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilib. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən piyadalar üçün yol salınıb.

Bərpa-konservasiya işləri ilə tanış olan xidmət rəisi görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

O, həmçinin Çıraqqala-Şabran Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları ilə görüşüb, qoruğun fəaliyyəti ilə maraqlanıb. Qoruğun fəaliyyətinin gücləndirilməsi və ziyarətçilər üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində atılacaq addımları diqqətə çatdırıb.

Qeyd edək ki, ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işləri Azərbaycan Respublikası Prezidentinin keçən ilin mart ayında imzaladığı sərəncama əsasən həyata keçirilməkdədir. Ötən müddət ərzində bərpa-konservasiya işlərinə start verilmiş və bərpa üzrə zəruri tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...