Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunan onalyn tədbir-sərgi keçirilib FOTOLAR

Sentyabrın 18-də İstiqlal Muzeyində İkinci Dünya müharibəsi illərində antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə onlayn tədbir- sərgi keçirilib.

SİA-nın məlumatına görə, tədbir –sərgidə UAFA Azərbaycanın üzvləri, regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktorları, Xətai rayonu 265 nömrəli tam orta məktəbin, Tovuz rayonu Nəsrəddin Tusi adına tam orta məktəbin, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagirdləri, müəllimləri və Daun sindromlu gənclər iştirak ediblər.

Tədbirdə İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli İkinci Dünya müharibəsində Azərbaycan döyüşçülərinin rolu, onların göstərdikləri qəhrəmanlıq nümunələri barədə məlumat verib.

Fransada yaşayan əslən azərbaycanlı yazıçı Şahin Sinaria müəllifi olduğu Əhmədiyyə Cəbrayılova həsr olunmuş “Bir ömür iki tale” kitabı üzərində apardığı yaradıcılıq işindən, qəhrəmanın keçdiyi rəşadətli döyüş yolundan danışıb. Onlayn tədbirə Şəkidən qoşulan Cavanşir Cəbrayılov atasının keçdiyi döyüş yolu, həyatı və fəaliyyəti haqqında xatirələrini bölüşüb.

İstiqlal Muzeyinin Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə 7-17 yaşlı məktəblilər arşında keçirdiyi rəsm müsabiqəsinin qalibləri elan olunub. Münsiflər heyətinin rəyi ilə Əli Qasımov birinci, Xumar Eyvazova ikinci, Nihad Məmmədov isə üçüncü yerə layiq görülüblər.

Onlayn tədbir iştirakçıları Əhmədiyyə Cəbrayılovun həyat və fəaliyyətini əks etdirən “Əfsanəvi partizan” sərgisi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə