Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü münasibətilə tədbir keçirib FOTOLAR

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin 135 illiyi münasibətilə beynəlxalq onlayn tədbir keçirib. Muzeydən SİA-ya bildirilib ki, tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Çin və ABŞ-dan olan alim və mütəxəssislər, eləcə də musiqiçilər iştirak ediblər.

Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Kostal Karolina Universitetinin (Coastal Carolina University) professoru Anna Oldfield (ABŞ), Qara Qarayevin ev-muzeyinin müdiri Züleyxa Qarayeva-Bağırova, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi Cəmilə Cavadova-Şpitsberq (ABŞ), İstanbul Üsküdar Universiteti sosiologiya kafedrasının müdiri Əbülfəz Süleymanlı (Türkiyə), Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin aparıcı elmi işçisi Yavər Neymətli Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin həyat və yaradıcılığı, Azərbaycan musiqi tarixində oynadıqları rollar haqqında maraqlı çıxışlar edib, fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, Azərbaycanın Əməkdar artisti, pianoçu Emil Əfrasiyab, Smolensk Filarmoniyasının solisti, skripka ifaçısı Anastasiya Vedyakova, “Ruskonsert”in solisti Dina Dedyakina (Rusiya), pianoçu Dongni Xie (Çin Xalq Respublikası) və Xalq artisti Munis Şərifovun iştirakı ilə muzeyin Qədim Musiqi Alətləri Ansamblı tərəfindən konsert proqramı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə