Özbəkistan mətbuatında Azərbaycan-özbək xalqları arasındakı əlaqələrə dair məqalə dərc olunub

Özbəkistanın human.uz portalında qədim və orta əsrlərdə Azərbaycan-özbək xalqları arasında elm və mədəniyyət sahələrindəki əlaqələrə dair məqalə verilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Azərbaycan alimi, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalovanın “Qədim və orta əsrlərdə elm, mədəniyyət sahəsində Azərbaycan-Özbəkistan əlaqələri” sərlövhəli məqaləsində qeyd olunan dövrlərdə əməkdaşlığın inkişafı haqqında ətraflı məlumat verilib.

Məqalədə Azərbaycan ilə Özbəkistan arasında elmi, dini və ədəbi sahələrdə əlaqələr, memarlıq, musiqi və kalliqrafiya istiqamətləri üzrə əməkdaşlığın inkişafı məsələlərinə diqqət yetirilib. Qeyd olunub ki, Əbu Məhəmməd əl-Buxarinin hədisləri müsəlman Şərqinin teoloqları tərəfindən öyrənilib. Həmin dövrdə Buxara və Səmərqənd İslam elminin mərkəzi sayıldığından müsəlman ölkələrindən, o cümlədən Azərbaycandan gələn teoloqların hazırlanması sahəsində müstəsna xidmətlər göstərib.

Yazıda vurğulanıb ki, XI əsrin ortalarında Özbəkistan Şərqin elmi təfəkkürünün mühüm mərkəzlərindən biri olub. Azərbaycanın Şamaxı, Təbriz, Ərdəbil, Marağa, Gəncə, Naxçıvan, Özbəkistanın Buxara, Səmərqənd, Urgənç şəhərlərində “Müdriklər evi” fəaliyyət göstərib. Bu məkanlarda qədim yunan və hindlilərin elmi irsi öyrənilib, dəqiq və humanitar elmlər sahəsində iş aparılıb.

Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə