13 sentyabr görkəmli bəstəkar Arif Məlikovun dogum günüdür
Görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Məlikov musiqi sənəti tariximizdə iz salmış simalardan biridir. 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olan sənətkar istedadı və zəhməti ilə Azərbaycan tarix və mədəniyyətində iz buraxmağı bacarıb. Həm bəstəkar, həm rəssam, həm müəllim, həm də ictimai xadim kimi ölkəsinə və xalqına xidmət göstərib.

Zəngin bir irsi sənət yoluna həkk edən Arif Məlikov orta məktəbi bitirdikdən sonra o, 1948–1951-ci illərdə Bakı musiqi texnikumunda oxumuş, 1953–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil aıb. Tərcümeyi-halına yazıldıgı kimi əmək fəaliyyətinə 1951–1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində müəllim kimi başlayan Arif Məlikov 1960-cı illərdən taleyini Azərbaycan Dövlət Konservatoriyası ilə bağlayaraq burada 1966–1968-ci illərdə baş müəllim, 1968–1978-ci illərdə dosent, 1979–1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb. Arif Məlikov Azərbaycan mədəniyyəti tarixinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirib və milli musiqi salnaməsinə yeni səhifələr yazıb.. Zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı olmaqla, onun hələ tələbəlik illərindən etibarən müxtəlif janrlarda bəstələdiyi əsərlər diqqəti cəlb etmiş və musiqisevərlər tərəfindən dərin rəğbətlə qarşılanıb.

Kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də romans və mahnıları məşhur sənətkarların ifasında səslənərək geniş populyarlıq qazanıb. Ən gözəl Azərbaycan filmlərinə musiqi yazmış bəstəkardır. Onların sırasında “Sehrli xalat”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və başqalarını xüsusi qeyd etmək olar. Arif Məlikovun bəşəri idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün də uğurla səsləndirilməkdədir. “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. 26 yaşında yazdığı “Məhəbbət əfsanəsi” ilə milyonların məhəbbətini qazandı. Amma bu uğur heç də onu arxayın salmadı. Gecəsini gündüzünə qataraq daha böyük inam və inadla yazıb-yaratdı. Məşhur bəstəkar Dmitri Şostakoviç “Məhəbbət əfsanəsi” baleti haqqında dəyərli fikirlər söyləyərək belə deyib: “Arif Məlikov istedadlı bəstəkardır. Musiqisi əsl professionaldır. Onun əsərində dərin musiqi dramaturgiyası, daxili inkişaf, dəqiqlik, qəhrəmanların xarakterini yüksək səviyyədə ifadə etmək məziyyətləri vardır. Orkestrin idarə edilməsində Arif Məlikovun nadir istedadı musiqiyə rəngarənglik və tamaşaçılara məftunluq gətirib”. Nə yazdısa ürəyinin səsi, qəlbinin hökmü ilə yazıb-yaratdı. Bəstəkarın musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutdu. Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Arif Məlikov uzun illər ərzində görkəmli pedaqoq kimi öz zəngin təcrübəsindən bəhrələnməklə gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində müstəsna xidmətlər göstərmişdir. Onun ictimai fəaliyyəti də zəngin və çoxşaxəli olmuşdur. Arif Məlikov SSRİ xalq deputatı olaraq respublikamızın ictimai-siyasi həyatında ötən əsrin son onilliklərində cərəyan edən taleyüklü hadisələrə münasibətdə daim vətənpərvər ziyalı mövqeyi nümayiş etdirdi.

Akademik Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilmişdir. O, bir sıra fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur.
Böyük bəstəkar, görkəmli pedaqoq, əsl ziyalı və gözəl insan Arif Məlikov v 2019-cu il may ayının 9-da ömrünün 86-cı ilində vəfat etmiş və onun əziz xatirəsi sənətsevərlərin qəlbində daim yaşayır və yaşayacaq.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB