“Şuşam mənim, incim mənim”
Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyində "Şuşam mənim, incim mənim" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları ilk öncə Şuşa şəhidlərinin ruhunu 1- dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Şuşa şəhərində vaxtı ilə fəaliyyət göstərən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin filialı haqqında qısa məlumat verilib.

Tədbirdə Gənc Tamaşaçılar Teatrının repertuarından Qarabağ mövzusunda yeni səhnələşdirilən Vaqif Əlixanlının "Əcəl atı" tamaşasından bir parça göstərilib. Əsər torpaqların azadlığı uğrunda şəhid olanların xatirəsinə həsr olunub.

Böyüməkdə olan gənc nəsil üçün Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət liseyi şagirdləri tərəfindən "Bülbül və qızıl gül" tamaşası nümayiş etdirilib. Tamaşanın məzmunu Şuşa şəhərindən qaçqın düşən iki bacının taleyindən bəhs edir. Tamaşanın sonu nikbin notlarla bitir.

Tədbir muzeyin ekspozisiyasında keçirildiyindən oradaca şagirdlər öz təəssüratlarını rəsmlər vasitəsi ilə bölüşüb, xalçalarımızın təbliği məqsədilə tamaşaçılara qısa fasilələrlə ekskursiyalar aparılıb, Şuşa şəhərinin gözəlliklərini əks etdirən CD- diski də nümayiş etdirilib.

Tədbirə Şuşa İcra Hakimiyyəti, Mədəniyyət və turizm şöbəsindən nümayəndələr, "Miras" İctimai Birliyi Uşaq və Gənclərlə iş şöbəsi və bir sıra məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə