Xalq teatrları və gənclərimiz mövzusuna həsr olunan onlayn görüş keçirilib

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və regionlarda çalışan gənc mədəniyyət işçilərinin iştirakı ilə xalq teatrları və gənclərimiz mövzusunda “Teatrlarda yeni yanaşmalar və yeni təfəkkür formaları” adlı onlayn görüş keçirilib. Mərkəzdən SİA-ya bildirilib ki, tədbir çərçivəsində “Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu”nun üzvü Bərdə RMİ-nin əməkdaşı Emin Cəbrayıl tərəfindən irəli sürülən gənclərin teatra cəlb edilməsi və bölgələrdə xalq teatrlarının mövcud vəziyyətinin yüksəldilməsi mövzusunda fikir mübadiləsi təşkil olunub.

Altmışdan çox iştirakçısı olan görüşdə Azərbaycan teatr sahəsində xüsusi xidmətləri və fəaliyyətləri olan insanlar, o cümlədən Əməkdar artist Teymur Məmmədov, Kəmalə Paşazadə, teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, dosent Vidadi Qafarov, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov, Əməkdar artisti, ADMİU-nun “Dram teatrı və kino aktyoru” fakültəsinin baş müəllimi Yaqut Paşazadə, Akademik Milli Dram Teatrının aktyoru Ziya Ağa, regional Mədəniyyət mərkəzlərinin və Xalq teatrlarının nümayəndələri Eldəniz Mustafayev, Teymur Məmmədov, Validə Nabatova, Mehman Quliyev, Nahid Musayev, Mirsamir Mirxəlilli, həmçinin mərkəzin əməkdaşları Nurəddin Babazadə, Rafiqə Nəsirova, “Bölgə” eksperimental teatr truppasının bədii rəhbəri Hüseyn Məmmədov və digərləri çıxış ediblər.
Çıxış edənlər teatrın mövcud vəziyyəti, gənclərin teatra cəlb edilməsi məsələlərinə toxunublar. Qeyd olunub ki, əsas məqamlardan biri isə səhnəyə qoyulan yeni əsərlərin seçilməsi olub. Belə ki, xalq teatrlarının fəaliyyət istiqamətlərindən biri həvəskar və peşəkar gənclərin xalq teatrlarına cəlb edilməsidir. Eyni zamanda müzakirə zamanı vurğulanıb ki, əyalət teatrlarının paytaxt teatrları ilə ünsiyyətinin yaradılması kimi mövzular xüsusi marağa səbəb olacaq.
Tədbirin sonunda mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev teatrların mövcud problemlərindən danışaraq, onların postpandemiya dövründəki fəaliyyət perspektivlərindən bəhs edib. Vurğulanıb ki, regionlarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin fəaliyyəti müasirləşməli, sahə üzrə mövcud problemlər müzakirə yolu ilə həll olunmalı, xalq teatrları və dərnəklər arasında əlaqələr genişləndirilməlidir. A.Usubəliyev xüsusi olaraq xalq teatrları tərəfindən müraciət olunan ssenarilərin səviyyəsi və mövzularına toxunub. “Toxunulan mövzuların aktuallığı və müasirliyi aktyor oyunu qədər vacib məsələlərdəndir, çünki tamaşaçı tamaşada yaşadığı həyatın güzgüsünü görməlidir. Məhz mövzunun aktuallığı, aktyorun istedadı və səhnənin sehrli gücü tamaşaçını teatra bağlaya bilər”, – deyən mərkəzin direktoru xalq teatrlarının təkrar olaraq renessans dövrü yaşamasına haqqı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə