Xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir

Xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir

Ölkəmizdə yaradılması nəzərdə tutulmuş 31 xalça müəssisəsindən 13-ü istifadəyə verilib

Azərbaycanda dövlət tərəfindən xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilir. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, Xalça Muzeyi üçün müasir standartlara cavab verən bina inşa edilmiş, rayonlarda yerli xalçaçılıq ənənələrini əks etdirən xalça muzeyləri yaradılmışdır. Bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq olunmuşdur. Sadalananlar Azərbaycan dövlətinin xalçaçılıq sənətinə olan diqqət və qayğısının nəticəsidir, xalçaçılığın həm tarixi-mədəni, həm də sosial-iqtisadi faktor kimi yüksək qiymətləndirməsinin önəmli nümunəsidir. "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması bu sahədə görülən işlərin davamıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və xalçaçılığın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Burada xalçanın toxunuşu ilə yanaşı, eyni zamanda, onun xammalının hazırlanması, emalı, bərpası, ticarəti də mühüm əhəmiyyət kəsb edir. Xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər öz bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət və qayğı sayəsində, artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib və bəzi regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir. Qeyd edək ki, dövləti başçısının sərəncamlarına uyğun olaraq, yaradılması nəzərdə tutulmuş 31 xalça müəssisəsindən 13-ü istifadəyə verilib, 8-i istifadəyə hazırdır. Daha 10 fabrikin tikintisi layihələndirilir. Bundan başqa yunəyirici-boyaq fabrikinin, hazır xalçaların emalı mərkəzinin, yun və boyaq tədarükü məntəqələrinin yaradılması istiqamətində mühüm işlər görülür. Bu günlərdə bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştiraki ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışı oldu.Burada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və əsas üstünlük orijinal Qarabağ xalça çeşnilərinə veriləcəkdir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Filialda 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub və hazırda 85 nəfər, o cümlədən 71 nəfər toxucu və 14 nəfər inzibati-təsərrüfat işçisi işlə təmin edilib. Əlbəttə ki, bu fabriklərin açılması, xüsusilə, qadınların işlə təmin olunmasında müstəsna əhəmiyyətə malikdir.

Dünyada xalça istehsalçısı olan ölkələr arasında xalça çeşnilərinin elektron variantının hazırlanması, ilk dəfə olaraq, məhz Azərbaycanda həyata keçirilir.

Xalçaçı-rəssamlar tərəfindən hazırlanmış elektron çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılır. Daha çox dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. İndiyədək 600-dən çox xalça çeşnisi hazırlanmış və onların əsasında "Azərxalça"nın filiallarında xalçalar toxunmuşdur. Hazırda Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır. Prezident İlham Əliyevin həmin sahənin inkişafı ilə bağlı verdiyi tapşırıqlar və imzaladığı sərəncamlar bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə