“Yazıçı və şairlər koronavirusla mübarizə edir” ŞEİR

“Yazıçı və şairlər koronavirusla mübarizə edir” ŞEİR

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində kitabxananın “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan qələm adamları ilə əməkdaşlığı davam edir. SİA-nın məlumatına görə, oxucularla virtual əlaqə saxlayan Mərkəzi Kitabxanaya bu günə qədər bir çox yazarlar əsərləri ilə dəstək olublar. Aksiyaya Azərbaycanın bölgələrində yaşayan yazarlar da qoşulub. Bu əsərlər oxucuların vaxtlarını səmərəli keçirməklərində faydalı olur, vəziyyətin dərindən dərk etməsinə insanlara kömək edir.

Aksiyada bundan əvvəl də iştirak edən İsmayılova Xuraman İsbi qızı artıq dördüncü şeirini kitabxanaya təqdim edib. BDU-nu bitirən, hazırda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında fəaliyyət göstərən Xuraman İsmayılova Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Fəxri adına layiq görülmüş, 2013-cü ildə isə “Fəxri mədəniyyət işçisi” döş nişanına, “XXI əsrin tanınmış ziyalısı” beynəlxalq diploma, “Vətən”, “Məhsəti” mükafatları ilə təltif edilib.

On bir bədii-publisistik kitabın, yüzdən artıq elmi-publisistik məqalənin müəllifi, doqquz biblioqrafik məlumat kitabının tərtibçisi, onlarla kitabların redaktorudur.

Təqdim edilən şeirdə Allaha sığınaraq, pandemiyadan insanların qoruması çağırış kimi səslənir.

Allahım, qoru xalqımı!

Dünyam yaman çalxalandı,

Bir virusa yaxalandı,

Tanrım, sənə arxalandıq,

Bağışla hər günahını,

Sən özün qoru xalqımı!

Nə qoca, nə cavan bilir,

Nə yaxşı, nə yaman bilir,

Nə ah, nə də aman bilir,

Yerdə qoyma bu ahımı,

Sən özün qoru xalqımı!

Dağlar duman, çənə qalıb,

Bağ-bağçalar qəmə dalıb,

Ümidim tək sənə qalıb,

Üzmə bu tək pənahımı,

Sən özün qoru xalqımı!

Özün yaratdın dünyanı,

Cənnət eylədin hər yanı,

Nolar, eşit bu duamı,

Özün qoru, öz dünyanı,

Sən özün qoru xalqımı!

Həmişə şükran olmuşam,

Sənə doğru yol almışam

Bu yolda azıb qalmışam

Göstər xalqa düz yolunu

Sən özün qoru xalqımı!

Bütün xəbərlər Facebook səhifəmizdə