Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi elmi fəaliyyət, müvafiq sahələr üzrə tədqiqatyönümlü layihələrin, elmi işlərin hazırlanması, həyata keçirilməsi, mədəniyyətimizin elmi bazasının zənginləşdirilməsi istiqamətində mərkəzin əməkdaşlarının elmi işlərinin müzakirələrini keçirir. SİA-nın məlumatına görə, bu müzakirələrin davamı olaraq fevralın 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Qara Qarayevin ev-muzeyində mərkəzin bədii təhsil şöbəsinin əməkdaşlarının elmi işlərinin müzakirələrinin dinləmələri keçirilib. Dinləmələrdən öncə qonaqlar üçün muzey işçiləri tərəfindən maraqlı ekskursiya təşkil olunub.

Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova açaraq, bütün iştirakçılara uğurlar arzulayıb və qeyd edib ki, musiqi ədəbiyyatının, musiqişünaslığın uğurları məhz mədəniyyət işçiləri sayəsində həyata keçirilir.

Sonra Fəridə Kərimova “Şifahi ənənəli Azərbaycan professional musiqisində modal ritmikanın təzahür formaları”, Lalə Musayeva “Vasif Adıgözəlovun “Novruzum” kantatası” adlı elmi işlərinin müzakirələrinin dinləmələrinə başlanılıb. Çıxışçılar Azərbaycan musiqisinin, muğamının elmi, tətbiqi tərəflərini araşdırıblar.

Müzakirələrdə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Natiq Mustafayev, elmi katib Cavid Əliyev, opponentlər isə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Milli Konservatoriya nəzdində A. Zeynallı adına musiqi kollecinin müəllimi Aytən Babayeva və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə elmlər doktoru Gülmira Qəhrəmanova iştirak ediblər. Dinləmələr zamanı Natiq Mustafayevin ifasında Vasif Adigözəlovun əsərlərindən biri səsləndirilib.

Yekunda mərkəzin direktoru Asif Usubəliyev qeyd edib ki, elmi işlərin müzakirələrinin keçirilməsində əsas məqsəd mərkəz əməkdaşlarının elmi potensiallarının inkişaf etdirilməsi, onların elmi dərəcələrinin artırılması üçün stimulun yaradılması, yaradıcılıq imkanlarının inkişaf etdirilməsindən ibarətdir. Bütün sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı onun elmi bazasının zənginləşdirilməsi və potensialından istifadə olunması ilə paralellik təşkil edir. Məhz fundamental elmi tədqiqatlar, gərgin zehni əmək nəticəsində Azərbaycan mədəniyyətinin maddi və qeyri-maddi irs nümunələrinin UNESCO-nun dünya mədəniyyətinin irs siyahısına daxil olmasına nail olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...