Nakam şair Mikayıl Müşfiqin xatirəsi doğulub boya-başa çatdığı ünvanda anılıb

Yanvarın 26-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin doğulub boya-başa çatdığı ünvanda tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdə çıxış edən Xalq artisti Nurəddin Mehdixanlı şairin yaradıcılığından söhbət açıb. Bildirib ki, Müşfiq yaradıcılığının çiçəkləndiyi bir vaxtda repressiyanın qurbanı olub. Şair həyatdan erkən getsə də, özündən sonra ədəbiyyatımız, xalqımız üçün xeyli sayda əsərlər, böyük bir ədəbi irs qoyub.

Şairin vəfatından sonra onun evində yaşamış Səfər Hüseynov qeyd edib ki, indiyə qədər Mikayıl Müşfiqin yaşadığı məkan barədə müxtəlif fikirlər söylənilir. Şairin Çadrovıda, Xızıda və digər yerlərdə yaşadığı söylənilsə də, bunların heç biri həqiqətə uyğun deyil. Mikayıl Müşfiq repressiya olunana qədər ailəsi - ata-anası, bacı-qardaşları ilə İkinci Sovet küçəsindəki 6 nömrəli evdə yaşayıb. “Mənim valideynlərim, ailəmizdə doğulan uşaqlar da o həyətdə yaşayıblar. Mən də 1947-ci ildə həmin evdə doğulmuşam. Müşfiq repressiyaya məruz qalıb güllələnəndən sonra onun bacısı Balacaxanım sürgün olundu. O, sürgündən qayıdanda atam iki otağımızın birini yaşamaq üçün ona verdi. Bir evdə bir ailə kimi yaşadıq. Yaxşı olardı ki, onun yaşadığı yerdə təpənin başında, üzü Xəzərə ya ev muzeyi, yaxud da Mikayıl Müşfiq adına Poeziya evi yaradılsın, qarşısında heykəli, ya da büstü qoyulsun. Onda tarixi həqiqət öz yerini tapar. Əgər istəyimiz baş tutarsa, şairin ruhu da şad olar. Onu harada yad edirlər etsinlər, şairin ruhu doğuldu yerdə dolanır. Əgər həmin ərazidə Müşfiqin ev muzeyi yaxud, M.Müşfiq adına Poeziya evi yaradılarsa, bura bir növ şairin ruhunu ziyarət yeri olar”, - deyə S.Hüseynov əlavə edib.

Tədbirdə çıxış edən professor Fuad Məmmədov, Cabir Novruz adına Fondun prezidenti Cavanşir Qurbanov və Xalq artisti, kamança ustası Şəfiqə Eyvazova M.Müşfiqin yaradıcılığından söhbət açıblar. Bildiriblər ki, lirik, romantik şairin bütün şeirlərində yeni həyata çağırış var. O, milli-mənəvi dəyərlərə, xalq yaradıcılığından bəhrələnməyə üstünlük verib. M.Müşfiq vətənini çox sevirdi. “Ölkəm”, “Ey Dan ulduzu!”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və başqa bu kimi əsərlər şairin yurduna, Vətəninə bağlılığının bariz nümunəsidir.

Sonda şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...