Konfrans iştirakçıları Milli İncəsənət Muzeyində

“Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları mədəni proqram çərçivəsində paytaxtın mədəniyyət ocaqları və muzeylərini ziyarət ediblər. SİA-nın məlumatına görə, qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyində olublar.

Muzeylə tanış olan qonaqlara məlumat verilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi milli dəyərlərimizin və ümumbəşəri mədəni irsimizin qorunub-saxlanıldığı məkandır.

Muzeylə tanışlıq əvvəlcə “Azərbaycan incəsənəti” bölməsindən başlayıb. Onlar burada görkəmli şairlərin portretlərini çəkən Tahir Salahovun əsərləri, həmçinin Xalidə Səfərovanın yallı, Novruz bayramı kimi atributlarımızı əks etdirən rəsmlər, Mikayıl Abdullayevin “Hindistan anası”, “Rəssam Renato Qutuzzovun portreti”, “Pianoçu Fərhad Bədəlbəylinin məşqi”, Oqtay Sadıqzadənin “Şairə Xurşudbanu Natəvan”, “Bəstəkar Qara Qarayevin portreti”, “Dirijor Niyazinin portreti” və digər rəssamların əsərlərinə baxıblar.

Sonra konfrans iştirakçıları “Azərbaycan incəsənəti minilliklər boyu” bölməsində eramızdan əvvəl IV minillikdən başlamış eramızın XIX əsrinə qədər yaradılan eksponatlarla tanış olublar.

Burada müxtəlif qablar, dolça, fincan, küp, kasa, bədii nimçə, müxtəlif əsrlərə aid xalçalar, ərəb dilində yazılmış dua kitabları, atəşpərəstlik dövrünə aid döyüşçü dəbilqələri nümayiş olunur.

Muzeyin ekspozisiyası, qədim Şərq və Azərbaycan, eləcə də Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən sənət əsərləri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...