“Yüksəl” layihəsi çərçivəsində növbəti mühazirə FOTOLAR

Heydər Əliyev Fondu və Bakı Kitab Mərkəzinin təşəbbüsü olan “Yüksəl” layihəsi çərçivəsində satış mütəxəssisi Azad Qəhrəmanovun “İntellektual satış” mövzusunda mühazirəsi təşkil edilib. SİA-nın məlumatına görə, mühazirə zamanı satışda uğur qazanmaq üçün lazım olan keyfiyyətlər və amillərdən, peşəkar satış barədə təsəvvürlərdən, satış işinin intellektual təşkilindən danışılıb. Mühazirəçi, həmçinin peşəkar satıcı üçün tələb olunan bacarıqlara – ünsiyyət, təqdimat, qiymət danışıqları, planlama, müştərilərlə münasibətlərin idarə edilməsi kimi məsələlərə toxunub.

Eyni zamanda, iştirakçılar müxtəlif satış sahələri ilə tanış olublar.

A.Qəhrəmanov deyib ki, bu gün bazarda satış üzrə peşəkarlara tələbat sürətlə artır. Peşəkar mütəxəssislər şirkətləri hərəkətə gətirən əsas qüvvələrdir. Bu səbəbdən şirkətlər satış mütəxəssislərinə yaxşı qazanc imkanları vəd edirlər. Gənclərin də bu imkanlardan xəbərdar olması və onu dəyərləndirməsi lazımdır. Vaxtında düzgün addım ataraq satış həyatına qədəm qoymaq gənc yaşlarda daha yaxşı qazanmağa və eləcə də uğurlu karyera qurmağa imkan verir. Məhz satış sahəsində əldə edilən təcrübə, insan psixologiyasının praktikada öyrənilməsi və insanlara təsir qabiliyyətinin formalaşdırılması sonradan yaxşı idarəçi olmağa, gələcəkdə isə şəxsi biznesdə uğur qazanmağa yol açır.

Qeyd edək ki, Azad Qəhrəmanov 2004-cü ildən birbaşa satış sistemində fəaliyyətə başlayıb. Azərbaycanın 10-dək bölgəsində, eləcə də Gürcüstan, Ukrayna və Rusiyada geniş müştəri bazası yaradıb, bu müddət ərzində 1000-dən çox satış nümayəndəsi yetişdirib. Hazırda onun rəhbərliyi ilə şirkət satış, marketinq və idarəetmə yönümlü təlimlər və biznes konsultasiya xidmətləri göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...