“World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsi keçiriləcək

Fevralın 17-dən 24-dək Bakıda gənc ifaçıların “World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsi keçiriləcək. SİA-nın məlumatına görə, müsabiqə “Harmoniya” Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşacaq.

Müsabiqənin məqsədi klassik və folklor musiqinin populyarlaşdırılması və geniş təbliğidir. Müsabiqədə yaş həddi 6-40 arası olan iştirakçılar solo vokal, instrumental alətlər, akademik və milli xor kollektivləri iştirak edə bilər.

Filarmoniyadan bildirilib ki, müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik və milli), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) ifaçı və onlarca kollektivin iştirakı gözlənilir.

Üç turdan ibarət olan müsabiqədə bütün iştirakçılar diplomla, qaliblər isə diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqə ərəfəsində dünya şöhrətli peşəkar musiqiçilər tərəfindən fortepiano, vokal, simli, nəfəs alətləri ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq.

Müsabiqənin bağlanış mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...