Bildiyimiz kimi, yanvarın 25-də Çin təqvimi üzrə ağ metal siçan ili başlayır. Bu da həmin 12 illik təqvimin ilk ili sayılır. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə 10-18 yanvar tarixlərində Azərbaycan Milli Xalça Muzeyində "Çin təqvimi üzrə Yeni iliniz mübarək @Bakı" adlı silsilə tədbirlər keçiriləcək.
Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq tədbirlərdə həftə ərzində Çin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri və mühazirələr təșkil olunacaq. Ecazkar ölkənin müxtəlif mənzərələrindən ibarət foto-sərgi, video-çarx və ənənəvi bayram atributları əsl Çin Yeni ili ab-havası yaşadacaq.
İki ölkə arasında mədəni əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən silsilə tədbirlər hər kəs, o cümlədən uşaqlar üçün nəzərda tutulub və iştirak ödənişsizdir. Qədim Çin çay mərasimi, makrame texnikasında qolbağıların hazırlanması, kağız fənərlərin,ənənəvi açıqcaların ieroqliflərlə yazılması və s. üzrə maraqlı ustad dərsləri Bakıdakı Konfusiy İnstitutunun müəllimləri tərəfindən keçiləcək va çin dilindən tərcümədə onlara həmin təhsil ocağının tələbələri kömək edəcəklər. Bu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında" Sərəncamına töhfə sayıla bilər.
Məlumat üçün qeyd edək ki, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və bu ölkənin muzeyləri ilə Azərbaycan Milli Xalça Muzeyi sıx əməkdaşlıq edir. 2019-cu ildə Pekində Çin Milli Muzeyində, daha sonra isə Hainan şəhəridə Cənubi Çin Dənizi Muzeyində "Ecazkar Asiya - Asiya sivilizasiyaları" adlı sərgidə Heydər Əliyev Fondu və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyalarından Azərbaycan xalçaları və digər dekorativ tətbiqi-sənət nümunələri nümayiş etdirilib. Qürurverici haldır ki, sərgilənən bu nümunələrlə üç milyondan çox insan tanış olub. Bu da Azərbaycan mədəniyyətinin incisi olan xalça sənətinin dünya səviyyəsində təbliği baxımıdan önəmli hadisədir. Bununla yanașı, Beynəlxalq Muzeylar Şurasının dəstəyi ilə əməkdaşlarımız mütəmadi olaraq Çin muzeylərində təşkil olunan muzeyşünaslıq üzrə treninq və konfranslarda iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB