“Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı qala konserti ilə sona yetib- FOTO

“Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı qala konserti ilə sona yetib- FOTO
Martın 14-də start götürən "Muğam aləmi" II Beynəlxalq muğam festivalına bu gün yekun vurulub. SİA-nın məlumatına görə, bu münasibətlə Heydər Əliyev Sarayında festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konsert keçirilib.

Festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konserti Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri açıb. Orkestrin bədii rəhbəri Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra səsləndirilib.

Gecədə tanınmış Azərbaycan bəstəkarlarının əsərləri dinlənilib. Bununla yanaşı, II Beynəlxalq muğam müsabiqəsinin laureatları – Çinin Urumçi şəhərindən olan musiqi qrupu və "Qarabağ şikəstəsi"nin ən yaxşı ifaçısı nominasiyası üzrə mükafatçı türkiyəli müğənni Yeşim Köksal da çıxış ediblər.

Milli mədəniyyətimizin və xalq sənətimizin qorunması və inkişafına yüksək diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 20-dan cox ölkəsinin muğam biliciləri və ifaçıları Beynəlxalq muğam festivalında bir araya gəliblər.

Məlumat üçün bildirək ki, festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək, festival proqramını həm rəngarəng, həm də yaddaqalan edib.

Qeyd edək ki, muğam sənətinin qorunması və inkişafına xidmət edən "Muğam aləmi" II Beynəlxalq muğam festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə