Nəsiminin 650 illik yubileyi münasibəti ilə tədbir təşkil olunub

Dekabrın 6-da Bakı Kitab Mərkəzində Azercell-in “Audio Kitab” layihəsi çərçivəsində İmadəddin Nəsiminin qəzəl və rübailərinin audio kitab formatında səsləndirilməsinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers, Moldovanın Azərbaycandakı səfiri George Leuka, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Rebus Teatrının hazırladığı "Sığmazam" adlı pantomimanın nümayişindən sonra "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev çıxış edərək şirkətin hər zaman ölkənin mədəni, sosial həyatında yaxından iştirak etdiyini bildirib: "Bu il ölkə başçısının sərəncamı ilə "Nəsimi ili" elan olunub. Biznes strukturu olmağımıza baxmayaraq, belə bir layihəni dəyərləndirməyə bilmədik. Dahi Nəsimini xarici oxuculara da daha yaxından tanıtmaq, onun yaradıcılığını müasir mütaliə vasitəsi ilə təbliğ etmək məqsədi ilə şairin qəzəllərini 3 dildə səsləndirərək "Bookmate" proqramının "Audio Kitab" bölümünə yüklədik. Artıq “Azercell”in təqdim etdiyi "Bookmate" mobil tətbiqindən istifadə edən hər kəs dil daşıyıcıları tərəfindən səsləndirilən Nəsimi irsindən zövq ala bilər. Biz bu işi görməklə insanlara Nəsimini aşılamağa çalışdıq. Korporativ sosial məsuliyyətli şirkət olaraq bundan sonra da mədəniyyətlə bağlı bir çox layihələr həyata keçirəcəyik".

Xalq yazıçısı Anar bildirib ki, həyat inkişaf elədikcə ədəbiyyatın da müxtəlif şəkilləri ortaya çıxır: "Kitab mədəniyyəti sıradan çıxmasa da kitabın müxtəlif formalarda təqdimatı yaranır. Bu layihə də onlardan biridir".

Erkan Özoral qeyd edib ki, Nəsimi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının şairidir: "O, böyük türk dünyasının bu günə qədər yaşamış ən böyük filosoflarından biridir. Nəsimi təkcə yaşadığı yüz ildə deyil, indi də yaşayır, əminəm ki, bundan sonra da yaşayacaq. Çünki onun ortaya qoyduğu fəlsəfə bizə dünyanı anlamağa kömək edir".

Sonra Əməkdar artist Sevda Ələkbərzadənin ifasında musiqi parçaları dinlənilib.

Tədbir çıxışlarla davam edib.

Qeyd edək ki, şeirləri Azərbaycan dilində gənc qiraətçi Xəzər Süleymanlı səsləndirib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...