“Muğam aləmi” II Beynəlxalq muğam festivalının mətbuat konfransı keçirilib - FOTO

“Muğam aləmi” II Beynəlxalq muğam festivalının mətbuat konfransı keçirilib - FOTO
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) "Muğam aləmi" II Beynəlxalq muğam festivalının başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda ilk olaraq çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə I Beynəlxalq Muğam Festivalını xatırlayaraq onun böyük rezonans doğurduğunu deyib. İkinci festival barədə ətraflı məlumat verən F. Əlizadə 8 günlük festival çərçivəsində hər gün bir neçə tədbir keçiriləcəyini bildirib.

Konfransda iştirak edən Paris Universitetinin professoru Jan Dürinq ilk festival barədə təəssüratlarını bölüşüb. O, Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi vurğulayıb.

Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva qeyd edib ki, festivala qatılan bütün xarici qonaqların xərcləri dövlət tərəfindən ödənir. O bildirib ki, festival çərçivəsində qonaqlar üçün Bakının görməli yerlərinə xüsusi ekskursiyalar təşkil olunacaq.

Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi isə festival çərçivəsində keçiriləcək muğam müsabiqəsi barədə məlumat verib. Onun sözlərinə görə, martın 17-də müsabiqənin püşkatması olacaq, 18-də isə yarışma başlayacaq. Martın 20-də - müsabiqənin son günündə isə qaliblər müəyyənləşəcək. S. Kərimi söyləyib ki, müsabiqəyə Azərbaycanla yanaşı Çin, Hindistan, Özbəkistan, İordaniya, İran, Küveyt, Mərakeş və Türkiyədən də ifaçılar qatılacaq. Ölkəmizi isə festivalda 5 ifaçı təmsil edəcək – Fərqanə Qasımova, Babək Niftəliyev, Aytən Məhərrəmova, ehtiram Hüseynov və Nişanə Baxışova.

Məlumat üçün bildirək ki, Beynəlxalq Muğam Müsabiqəsinin həmsədrləri- Jan Dürinq (Fransa), Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, münsiflər heyətinin üzvləri- ABİ-nin katibi, xalq artisti Ramiz Zöhrabov, Arif Babayev, Türkiyədən Ozan Yarman, ABŞ-dan William Sumits, İrandan isə Ehsan Khezrlou olacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə martın 14-21-də Bakıda "Muğam aləmi" II Beynəlxalq muğam festivalı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə