Abdulla Şaiqin 130 illik yubileyi təntənəli şəkildə qeyd olunub- FOTO

Abdulla Şaiqin 130 illik yubileyi təntənəli şəkildə qeyd olunub- FOTO
Bu gün Gənc Tamaşaçılar Teatrında Azərbaycanın qüdrətli ədibi, görkəmli maarif və mədəniyyət xadimi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçirilib. SİA-nın məlumatına görə, Mərasimdə mədəniyyət və turizm naziri başda olmaqla nazirliyin rəhbər heyəti, AMEA-nın və Azərbaycan Yazıçılar Birliyinin məsul şəxsləri, Azərbaycan elm və mədəniyyət xadimləri, Abdulla Şaiqin tədqiqatçıları, Ali məktəblərin professor və müəllim heyəti, tələbələr, şagirdlər, bir sözlə bütün Şaiqsevərlər iştirak ediblər.

İlk olaraq çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Azərbaycan ədəbiyyat tarixində özünəməxsus yeri olan Abdulla Şaiq ilk qələm təcrübələrindən dövrünün böyük söz ustadlarının yanında layiqli yerlərdən birini qazanıb. Tədbirin keçirilməsində əsas məqsədin milli bədii fikir tarixində özünəməxsus yeri olan, qüdrətli ədibimiz, Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqi bir daha yad etmək olduğunu deyən nazir müavini: "Yaradıcılığını təbliğ etmək, bu yöndə fəaliyyət göstərən Mənzil Muzeyinin işini təqdim etməkdir əsas məqsədimizdir",- deyə əlavə edib.

Ədibin şəxsiyyəti, həyat və yaradıcılığı, bədii və elmi irsi haqqında AMEA-nın həqiqi üzvü, professor Bəkir Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar ətraflı şəkildə danışıblar.

Mərasimdə həmçinin yubiley münasibəti ilə nəşr olunan "Abdulla Şaiqin Mənzil Muzeyi. 1991-2011" kitabı da təqdim olunub.

Mərasimdə ədibin müxtəlif janrlı əsərləri, şeirlərinə yazılan musiqi nümunələri təqdim olunub. Tanınmış bəstəkar Səid Rüstəmovun "Nüşabə" pyesinə yazdığı musiqidən "Sevirəm səni" (ifaçı Azərbaycan Dövlət Filarmoniyasının solisti Xuraman Talıbzadə), Ə.Abasovun "Oxu bülbül" (ifaçı Azərbaycan Dövlət Filarmoniyasının solisti Nurlan Əzizbəyli), Zeynəb İsmayilzadənin "Yad et" (ifaçı Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Tural Ağasiyev) mahnıları, Muğam teatrının solistlərinin ifasında ədibin qəzəlləri üstündə muğamlar, görkəmli uşaq bəstəkarı Oqtay Zülfüqarovun rəhbərliyi ilə uşaq filarmoniyasının "Aysel" teatrının ifasında uşaq mahnıları səslənib.

Eyni zamanda Gənc Tamaşaçılar teatrının hazırladığı "Qaraca qız" tamaşasından, Dövlət Dram Teatrının ifasında "Eloğlu" dramından səhnələr göstərilib. Abdulla Şaiqin uzun müddət qadağan olunan türkçülük, repressiya dövrü yaradıcılığına müraciət edilərək, vətənpərvərlik mövzulu və lirik şeirləri ifa edilib.

Qeyd edək ki, ədəbi bədii gecə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə