UNESKO-nun 43-cü sessiyasında 2500-dən çox nümayəndə iştirak edəcək

UNESKO-nun 43-cü sessiyasında 2500-dən çox nümayəndə iştirak edəcək

İyunun 30-dan iyulun 10-dək Bakı UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək.
SİA-nın məlumatına görə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 180-dən çox ölkəsindən 2500-dən artıq nümayəndə iştirak edəcək.

Mühüm əhəmiyyətə malik olan bu tədbir dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən qədim abidələrə olan dəyəri özündə əks etdirir.

Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda, Komitəyə sədrlik etməklə Azərbaycan Respublikası dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq. Komitənin Bakı sessiyasında dünya mədəni irs siyahısına daxil etmək üçün təqdim olunmuş 42 təklifdən sadəcə 36 təqdimatı nəzərdən keçiriləcək. Bunlardan 6-sı təbiət, 28-i mədəniyyət və 2-si qarışıq (yəni həm təbiət, həm də mədəniyyətə aid) təkliflərdir.

Azərbaycan Respublikası 1992-ci ildə UNESKO-ya üzv qəbul edilmiş,1996-cı ildə isə UNESKO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bakı şəhərinin tarixi mərkəzi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası 2000-ci ildə, Qobustan Milli Tarix - Bədii Qoruğu isə 2007-ci ildə Ümumdünya irsi siyahısına salınmışdır və artıq bu il ölkəmiz Şəkinin Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasını təklif edib.

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında müxtəlif ölkələrin nazirləri, təşkilatlarının baş direktorları, bir çox beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndə və səfirləri, Azərbaycan hökumətinin nümayəndələri iştirak edəcək.

Tədbir UNESKO və BMT-nin saytı vasitəsilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu xarici siyasət, Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı, Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə