Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Əməkdar rəssam Rafael Abasovun anadan olmasının 75 illiyinə həsr olunmuş sərgi açılıb. SİA-nın məlumatına görə, sərginin açılış mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edib. O, mədəniyyət və incəsənət xadimlərinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərildiyini bildirib.
Ölkəmizin, xüsusən də Abşeron və Naxçıvanın doğma təbiətini böyük sevgi ilə tərənnüm edən rəssamın “Qızıl payız”, “Qala”, “Neft qazmaçıları”, “Yaşıl göl”, “Qala kəndi”, “Gecə”, “Bilgəh”, “Bahar təranəsi” adlı əsərlərini xüsusi qeyd etmək lazımdır.
Xatırladaq ki, Rafael Abasov 1960-1965-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1968-1974-cü illərdə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Mikayıl Abdullayev və Tahir Salahov kimi dünya şöhrətli sənətkarlardan dərs alan Rafael Abasov 1967-ci ildən başlayaraq respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində təşkil olunan sərgilərdə nümayiş etdirilib. Bu gün onun müxtəlif janrlarda çəkilmiş lövhələri Azərbaycanın və ayrı-ayrı dünya ölkələrinin muzeylərini, nüfuzlu şəxsi kolleksiyaları bəzəməkdədir. Ötən əsrin ortalarından geniş yayılan sərt üslubun özünəməxsus bədii prinsiplərini mənimsəyən rəssam bütün janrlarda eyni uğurla fəaliyyət göstərib.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Xalq rəssamı Arif Hüseynov və başqaları rəssamın yaradıcılığından, insani keyfiyyətlərindən söhbət açıb, ona yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.Sonda rəssam çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib. Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgi martın 5-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB