Heydər Əliyev Sarayı uşaqlara “Yeni il şənliyində qış möcüzəsi” yaşadıb - FOTOSLAYD

Heydər Əliyev Sarayı uşaqlara “Yeni il şənliyində qış möcüzəsi” yaşadıb - FOTOSLAYD
Bu gün Heydər Əliyev Sarayında təşkil olunan "Yeni il şənliyində qış möcüzəsi" adlı konsert proqramı izləyicilərin ürəyincə olub. SİA-nın məlumatına görə, konsert başlamazdan əvvəl sarayda yeni istifadəyə verilən led ekranlardan da 2 tərəfdə istifadə olunub ki, uşaqlar darıxmasınlar deyə ekranda (HD formatda) yüksək keyfiyyətdə yeni ilə aid cizgi filmləri göstərilib.

Yeni il şənliyində uşaqlara sürpriz olaraq xalq artisti Zülfiyyə Xanbabayeva konsert üçün xüsusi hazırlanan mahnıları ilə çıxış edib. Belə ki, bundan sonra da daha 3 gün baş tutacaq yeni il şənliyində müğənni səhnədə olacaq.

Onu da qeyd edək ki, 10 metrlik ən böyük səhnə şam ağacı da ilk olaraq sarayın səhnəsində quraşdırılıb. Bununla yanaşı, konsertə gələn balaca izləyicilərə müxtəlif hədiyyələr paylanılıb. Həmçinin "Nestle" şirkətinin yalnız sarayda keçiriləcək konsert üçün hazırladığı hədiyyələr də foyedə satışda olub.

"Çiçəyim" uşaq teatrı, "Dəcəl qızlar", "Səyyah", "Azəri inciləri" və "Şənlik" rəqs kollektivləri uşaqlara öz töhfələrini veriblər.

Təşkil olunan konsert adəti üzrə Bakı şəhərinin ən geniş və maraqlı yeni il şənliyi olub. Onu da bildirək ki, bundan sonra 3 gün də baş tutacaq konsertdə Heydər Əliyev Sarayının bütün texniki xidmətləri tam gücü ilə işləyəcək.

Yeni ilin personajı sayılan Şaxta Baba, milli və xarici nağıl qəhrəmanları uşaqları təbrik edənlərin sırasında olub. Şənlikdə həmçinin bütün konsert boyu uşaqların əyləncəsinə rəng qatacaq lazer şou da təşkil olunub.

Adəti üzrə Heydər Əliyev Sarayının rəhbərliyi bu konsertdə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçı ailələri, əlil uşaqları və uşaq evlərinin sakinlərinə ön sıralarda təmənnasız yer ayırıb.

Məlumat üçün bildirək ki, "Yeni il şənliyində qış möcüzəsi" Heydər Əliyev Sarayının təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd edək ki, yeni il şənliyinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə