“Suvar” ləzgi ansamblının konserti keçirilib

“Suvar” ləzgi ansamblının konserti keçirilib

Heydər Əliyev Sarayının səhnəsində “Suvar” ləzgi ansamblının konserti keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş konsertdə yeni mahnı və rəqs kompozisiyaları təqdim edilib, həmçinin “Suvar” rəqs məktəbinin yetirmələri – gənc rəqqasların debütü olub. Azərbaycan estradasının ulduzları da səhnəyə çıxıblar.

Konsert “Samur” Ləzgi Milli Mərkəzinin hamiliyi ilə təşkil olunub.

“Suvar” ləzgi mahnı və rəqs ansamblı 2016-cı ildə Heydər Əliyev Sarayında 20 illik yubileyini qeyd edib.

Geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan kollektiv tez-tez ölkə xaricində keçirilən festival və konsertlərə dəvət edilir. Ansambl bu illər ərzində beş albom buraxıb, onlarca konsert keçirib, 2011-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycanın xalq kollektivi” fəxri adı ilə təltif edilib.

“Suvar” ansamblı 2011-ci ilin sentyabrında Ankarada keçirilən beynəlxalq musiqi festivalında Azərbaycanı layiqincə təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə