“Mürafiə vəkilləri” Bakı Bələdiyyə teatrında - EKSKLÜZİV

“Mürafiə vəkilləri” Bakı Bələdiyyə teatrında - EKSKLÜZİV
Bakı Bələdiyyə teatrı artıq 18-ci mövsümünü xalq yazıçısı Anarın "Qaravəlli" tamaşasının premyerası ilə açıb. Teatrda hazırda 2 tamaşa üzərində ciddi işlər gedir. Bunu SİA-ya teatrın bədii rəhbəri və direktoru, xalq artisti Amaliya Pənahova açıqlamasında bildirib.

"Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibəti ilə "Mürafiə vəkilləri" tamaşası və "Əli və Nino" əsəri yeni quruluşda oynanılacaq. Baxmayaraq ki, "Əli və Nino" əsəri 2 il öncə Teatr Xadimləri İttifaqında oynanılıb. Ancaq 2 il idi ki, bu tamaşa nümayiş olunmurdu. Mən onları bizim teatra dəvət elədim. Onlarda mənim təklifimi qəbul etdilər. Bu tamaşa beynəlmiləl olduğu üçün dünyada çox lazımlıdır. Bu tamaşalar yeni ilin əvvəllərində bizim teatrda səhnəyə qoyulacaq"-, deyə xalq artisti bildirib.

Amaliya Pənahova bildirib ki, "Əli və Nino" tamaşasının rejissoru əsərdə baş rolu canlandıran Elvin Mirzoyevdir. Nigar Mirzoyeva isə Nino obrazında çıxış edəcək.

Mirzə Fətəli Axundzadənin "Mürafiə vəkilləri"nin rejissoru isə Rövşən Almuradovdur.

Teatrın direktoru: "Ümid edirəm ki, hər iki tamaşa çox yaxşı alınacaq. Çünki teatrın aparıcı qüvvələri bu tamaşa üçün əllərindən gələni edəcəklər".

Bundan başqa, A. Pənahova qeyd edib ki, Drujba kinoteatrında daimi olaraq Bakı Bələdiyyə Teatrına yer verilib: "Əgər o yer bizə daimi olaraq verilməsə idi, bizim kollektiv ora getməzdi. Orada aparılan təmirdən sonra oraya gedəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə