“Qəzan mübarək, Paşam” bədii-sənədli filminin nümayişi keçirilib - FOTOSLAYD

Bu gün "Oskar" Kino Şirkətinin istehsalı olan "Qəzan mübarək, Paşam" bədii-sənədli filminin nümayişi keçirilib. SİA-nın məlumatına görə, film Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, bu ordunun uğurlu missiyası və Bakının erməni-daşnak qüvvələrindən azad edilməsinə həsr olunub.

İlk olaraq Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) rəhbəri Çingiz Bayramov bildirib ki, bu film Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi münasibəti ilə lentə alınıb. "Bundan başqa, jurnalistlər arasında bu mövzuda müsabiqə keçirmişik. Artıq bu müsabiqənin nəticəli bəllidir. Bu gün də qalibləri pul mükafatı ilə təbrik edəcik. 6 jurnalistimizi bu mükafata layiq görmüşük. Onları təbrik edirik və yeni yaradıcılıq uğurları arzulayırıq"- deyə TUMİB sədri əlavə edib.

Oskar Kino Şirkətinin baş redaktoru Sədi Məmmədov bildirib ki, Bakının azad olunması əməliyyatı "Qəzan mübarək, Paşam" filmində bütünlüklə öyrənilib və Azərbaycan kino tarixində ilk dəfə daşnak-bolşevik-ingilis-alman hərbi qüvvələrinə qarşı Qafqaz İslam Ordusunun qələbə döyüşü detallarına qədər təqdim olunub: "Filmdə Nuru Paşanın, onunla birgə Azərbaycan uğrunda döyüşən türk generallarının qəhrəmanlığı, "vəhşi diviziya" məktəbi keçmiş Tatar süvari alayının azərbaycanlı əsgər və zabitlərinin şücaəti başlıca motivdir. Tamaşaçı Azərbaycana 28 yaşında gəlmiş Nuru Paşanı, onunla birlikdə bütün cəbhə boyu əməliyyatlarında iştirak edən Əliağa Şıxlinskini ilk dəfə tarixdə olduqları kimi görmək imkanı qazanacaq. Qafqaz İslam Ordusunun adı, Qaraməryəm ətrafında gedən qeyri-bərabər döyüşdə məğlub olmamağın sirri, Nuru Paşanın tarixinin gedişini dəyişən 100 saylı əmri, Bakı döyüşündən öncə ordu arasında yayılan müraciətin müəllifi barədə araşdırmalar, kino tariximizdə ilk dəfə həmin dövrdə düşmənin hərbi arsenalı barədə səhih informasiyalar, kütləvi bədii səhnələr "Qəzan mübarək, Paşam" filminin özəlliklərindəndir".

Sədi Məmmədov onu da qeyd edib ki, filmin rus variantı yaxın aylarda hazırlanıb Rusiyanın İnterA kanalında yayımlanması haqqında danışıqlar aparılır.

Ssenari müəllifləri Ramin Vəkilov və İlham Rüstəmov, rejissorları Yaşar Əhmədov və Sain Qəhrəmanoğludur.

Məlumat üçün bildirək ki, "Qəzan mübarək, Paşam" adlanan filmdə Türkiyə Hərbi Qüvvələrinin Əsgəri Arxivindən, Rusiyanın Sankt-Peterburq Artilleriya, Rabitə və Mühəndis Qoşunları Hərbi-Tarix Muzeyindən, Azərbaycan Milli Arxiv Fondundan, Britaniya Xarici İşlər Nazirliyinin rəsmi intenet saytından götürülən arxiv materialları ilk dəfə nümayiş olunub. Çəkilişləri Qazax, Gəncə, Kürdəmir, Şamaxı, Lənkəranda baş tutan filmdə Qafqaz İslam Ordusunun qələbə marşrutunda ən gərgin döyüşlər barədə hərbi məlumatlar yer alacaq, döyüş xəritələri, Qafqaz İslam Ordusu komandanı Nuru Paşa və Əliağa Şıxlinskinin müharibə strategiyasının incəlikləri təqdim edilib. Filmdə Nuru Paşanın, Əliağa Şıxlinskinin bədii obrazları yaradılıb, Qazaxda və Gəncədə ordunun qarşılanma səhnələri, döyüş yolunun fraqmentlərini əks etdirən epizodlar lentə alınıb.

Qeyd edək ki, TRT-nin Bakı nümayəndəliyinin, Regional Televiziya Şəbəkəsinin, Xəzər TV-nin və Cənub Regional Televiziyasının texniki və informasiya dəstəyi ilə hazırlanan film 1918-ci ilin 25 mayından 15 sentyabra qədər olan dövrü əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...