Ukraynanın xalq artisti Opera və Balet Teatrına dəvət olunub

Opera və Balet Teatrının rəhbərliyi məşhur balet ustası, Ukraynanın xalq artisti Tatyana Boroviki teatrlarında çalışmaq üçün dəvət edib. SİA-ya bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib. T.Boroviklə 1 illik müqavilə əsasında o, teatrın balet truppası ilə ustad dərsləri və məşğələlər aparacaq, aparıcı solistlərin klassik balet tamaşalarında ustalığını təkmilləşdirmək üçün onlarla fərdi şəkildə məşğul olacaq.

Teatrın direktoru Arif Məlikov bu dəvəti belə şərh edib: "T.Borovik klassik balet sənətinin tanınmış və qəbul edilmiş ustadlarından biridir. Bir çox titullarla yanaşı o, həm də Ukraynada balet sənətinin inkişafı sahəsində xidmətlərinə görə bu ölkənin "Şöhrət" ordeni ilə təltif edilib. Balet artisti kimi parlaq karyerasını başa vuran T.Borovik hazırda Ukrayna Milli Opera və Balet Teatrında xoreoqraf-repetitor vəzifəsində çalışır və Kiyev bələdiyyə Opera və Balet Teatrı balet truppasının bədii rəhbəridir. Əminəm ki, bu 1 il ərzində onun balet truppası və truppanın ayrı-aryı solistləri ilə işi, heç şübhəsiz ki, bizim truppanın professional səviyyəsini daha da artıracaq və yüksək nəticələrə nail olamağa imkan verəcək".

Teatrın direktoru onu da qeyd edib ki, yaxın vaxtlarda teatrla Rusiyanın görkəmli dirijorlarından biri Andrey Anixanov və məşhur ukraynalı opera rejissoru Nikolay Tretyak arasında birgə fəaliyyət haqqında müqavilə bağlanması da nəzərdə tutulub. "Opera və balet sənətinin ən dəyərli nümayəndələri və əsl ustadları ilə əməkdaşlıq təcrübəsi bizdə uzun müddətdir ki, həyata keçirilir və gələcəkdə də bu iş davam etdiriləck. Hesab edirəm ki, bu uğurlu fəaliyyətimizin əsas səbəblərindən biridir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə