Azərbaycanda 138-ci teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib-FOTOSESSİYA

Azərbaycanda 138-ci teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib-FOTOSESSİYA
Bu gün Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısında Azərbaycanda 138-ci teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev yeni istifadəyə verilən Sumqayıt Dövlət Muisiqili Dram Teatrının qarşısına toplanan qonaqları salamlayıb və teatrların nümayəndələrini təbrik edib.

İcra başçısı Sumqayıt teatrlarındakı yeniliklərdən, eləcə də bu yaxınlarda daha bir teatr binasının istifadəyə veriləcəyindən söz açıb. O, belə bir möhtəşəm tədbirin məhz Sumqayıtda keçirilməsindən məmnunluğunu vurğulayıb.

Mədəniyyət və turizm naziri Əblüfəs Qarayev də öz növbəsində bütün teatr işçilərini bayram münasibəti ilə təbrik edib və onlara yeni mövsümdə yaradıcılıq uğurları arzulayıb.

Nazir eləcə də, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı təmirdən sonra istifadəyə veriləcəyini və bundan sonra daha möhtəşəm tamaşaların hazırlanacağını diqqətə çatdırıb.

Ə.Qarayev həmçinin cari il ərzində Azərbaycanda teatrla bağlı bir neçə beynəlxalq tədbir və festivalların keçiriləcəyini, yeni tamaşaların hazırlanacağını, bununla yanaşı teatr sahəsində ciddi islahatların aparılacağını qeyd edib. Nazir bütün bunların Azərbaycan teatrının daha da inkişafına zəmin yaradacağını bildirib.

Daha sonra Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan Milli Teatrın 138 illiyinə həsr olunmuş səyyar sərgi və kitab sərgisi Sumqayıt Teatrının qarşısındakı meydanda nümayiş olunub. Tədbir mərkəzi meydanı və şəhəri əhatə edib. Şəhərin müxtəlif yerlərində reklam afişaları, lövhələri vurulub. Açılış mərasimində həmçinin xalq artistləri Azər Zeyanlov, Faiq Ağayev, müğənni Röya mahnılar ifa ediblər. Müğənni Röya bu gün doğum gününü qeyd edən xalq artisti Siyavuş Aslanı gül dəstəsi ilə təbrik edib. Qeyd edək ki, Azərbaycan milli peşəkar teatrının bünövrəsi 1873-cü ildə qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə