Səyavuş Kərimi: “Ölkəmizdə mədəniyyət kanalının açılmasına ehtiyac var”

"İrəli" İctimai Birliyinin Media Akademiyası layihəsi yeni mərhələyə start verib. Birlikdən SİA-ya verilən məlumata görə, tələbələr müəyyən sahələri əhatə edəcək həftələr çərşivəsində görüşlər, disputlar, debatlarda iştirak edəcəklər. İdman, ictmai – siyasi həyat, gender, media ilə davam edəcək "Həftələr ayı" mədəniyyət həftəsilə başlayıb.

İlk qonaq Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Səyavuş Kərimi olub. Tələbələrlə görüş zamanı "Azərbaycanda mədəniyyət kanalının açılmasına ehtiyac varmı və gəncliyin musiqi zövqü" mövzusunda söhbət açan S.Kərimi öz münasibətini belə bildirib: "Ölkəmizdə mədəniyyət kanalının açılmasına ehtiyac var. Bu çoxdan olmalı idi. Təbii ki, cəmiyyətin mənəvi aşılanmamasında televiziyanın rolu danılmazdır. Əgər bu kanal açılsa, mədəniyyətin bütün sahələrini, maarifləndirmək və tərbiyələndirmək sistemini öndə tutmaq vacibdir. Mədəniyyəti insanlara yaxşı mənada sevdirmək lazımdır".

Daha sonra Azərbaycan musiqisinin tarixi köklərindən danışan musiqiçi bir çox Avropa və Skandinaviya ölkələrində Azərbaycan musiqisinin sevilməsindən söz açıb. Onun sözlərinə görə musiqi yeganə dildir ki, tərcümə olunmur. S.Kərimi musiqiçilərin Tanrı ilə insan arasında vasitəçi olduğunu, hətta musiqi ilə insanları sağaltmağın mümkün olduğunu bildirib.

Akademiyada həftə ərzində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin tələbələrlə görüşü keçiriləcək.

Qeyd edək ki, növbəti günlər ərzində Azərbaycanın xalq artistləri Oqtay Mirqasımov, Alim Qasımov, Rasim Balayev, əməkdar incəsənət xadimləri Baba Vəziroğlu, modelyer Fəxriyyə Xələfova, kinorejissor Şeyx Əbdül Mahmudbəyov, teleaparıcı Nərgiz Cəlilova, əməkdar artist Tünzalə Ağayeva və digərləri Media Akademiyasının qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə