A.S.Puşkinin anadan olmasının 218-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 218-ci ildönümü ilə əlaqədar olaraq Səbail Rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və "Sodrujestvo" cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, rus şairinin abidəsi önündə keçirilən mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılıb.
Öncə şəhərimizin mərkəzində A.S.Puşkinin 2001-ci ildə açılmış heykəli önünə tədbir iştirakçıları adından gül dəstələri qoyulub.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, "Sodrujestvo" cəmiyyətinin sədri Tatyana Kərimova, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Tədbiri giriş sözü ilə Respublika "Sodrujestvo" cəmiyyətinin sədri Tatyana Kərimova açıb. O, belə bir tədbirin tədbirin keçirilməsinin Azərbaycan, Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu bildirib.
Mərsimdə iştirak edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirib: "Rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkinin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb".
Tədbirdə söz alan yazıçı Anar A.S.Puşkin haqda fikirlərini dilə gətirib: "Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunub. Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu var".
Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış edib. Ölməz şairin şeirləri Azərbaycan, rus, ingilis, dillərində səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB