"Bakı" Rəsm Qalereyasında "Bir natürmortun sərgisi" adlı gənc və kiçik yaşlı rəssamların çəkdikləri rəsmlərdən ibarət sərgi açılıb. SİA-nın məlumatına görə, sərgidə on və iyirmi yaş arası 17 müəllifin 34 qrafik, sulu boya və yağlı boya üslublarında çəkilmiş rəsmləri nümayiş olunub.
Tədbirdə çıxış edən qalereyanın direktoru Eldəniz Babayeva son illər reallaşdırdıqları layihələrdən söz açıb. Bildirib ki, rəhbərlik etdiyi qalereyada nəinki professionallara, eləcə də sənətdə ilk addımlarını atan istedadlı uşaqlara, gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşılıb. Vaxtaşırı sərgilər təşkil edilib və onların həvəsləndirilmələri üçün mükafatlar təqdim olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Rəssamlar İttifaqının təşkilati dəstəyi ilə açılan bu sərgidə "Esmiralda" Uşaq və Yeniyetmələr Yaradıcılıq Studiyasının gənc və kiçik yaşlı rəssamlarının əsərləri nümayiş olunur.
Sərginin əhəmiyyətindən söz açan E.Babayev deyib ki, burada iştirak edən uşaqlar bir natürmortla yanaşı, öz bacarıqlarını kalliqrafik üslubda tamaşaçılara təqdim ediblər. Belə ki, bir natürmortu on yeddi baxış müxtəlifliyi ilə müstəvi üzərində təsvir edən rəssamlar bir-birindən maraqlı və ayrı-ayrı rəng və kolorit ahəngində rəsmlər çəkiblər.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, "Esmiralda" Uşaq və Yeniyetmələr Yaradıcılıq Studiyasının rəhbəri Esmiralda Tağızadə və başqaları sərgini yüksək qiymətləndirib və iştirakçılara gələcək işlərində uğurlar arzulayıblar.
Vurğulanıb ki, belə tədbirlərin təşkili uşaq və yeniyetmələr arasında estetik zövqün inkişaf etdirilməsinə təkan verir və onların istedadının üzə çıxmasına səbəb olur.
Sonda istedadlı fırça ustaları "Bakı" Rəsm Qalereyası, "Esmiralda" Studiyası və Rəssamlar İttifaqının xatirə diplomları ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB