Qəbələdə IV İslam Həmrəyliyi Oyunlarına həsr edilən rəsm və əl işləri sərgisi açılacaq

Qəbələ rayonundan olan gənc rəssam Dilbər Tahirovanın IV İslam Həmrəyliyi Oyunlarına həsr edilən fərdi sərgisi açılacaq. Dilbər Tahirova AZƏRTAC-a bildirib ki, onun rəsm və əl işlərindən ibarət sərgisi aprelin 8-də Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunacaq.

Təhsil Nazirliyinin təyinatı ilə İsmayıllı rayonu Vəng kənd orta məktəbində biologiya müəllimi işləyən Dilbər Tahirova uşaq yaşlarından rəsm çəkməklə, toxuma əl işləri və müxtəlif suvenir əşyalar hazırlamaqla məşğuldur. Bu sahəyə böyük marağı olduğunu deyən Dilbər Tahirova ölkəmizdə keçiriləcək mühüm beynəlxalq tədbir - IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fərdi sərgisinə xüsusi hazırlaşdığını bildirib. O, sərgidə 50-ə yaxın rəsm əsəri və digər maraqlı əl işlərini təqdim edəcək.

"Bu mənim ilk fərdi sərgim olacaq. İndiyədək mənim əl işlərim rayonda keçirilən bir çox sərgilərdə nümayiş etdirilib. Fərdi sərgimə xeyli vaxtdır ki, hazırlaşıram. Ümid edirəm ki, əl işlərim hamının marağına səbəb olacaq", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...