Bakı Şopinq Festivalına hazırlaşır

Bakı Şopinq Festivalına hazırlaşır

Gələn ayın 10-da ölkəmizdə ilk dəfə keçiriləcək şopinq festivalda bir çox yeniliklər olacaq. Festival çərçivəsində edilən alış-verişlərdə xarici turistlərlə yanaşı, yerli sakinlər də əlavə dəyər vergisinin bir qismindən azad olunacaqlar. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir həmçinin Dağlıq Qarabağda konsert verən iranlı musiqiçi ilə bağlı məsələyə də münasibət bildirib.

Ölkəmizdə keçiriləcək şopinq festivalında yerli sakinlər bir çox yeniliklərlə qarşılaşacaqlar. Festival günlərində alış-veriş edən hər kəs əlavə dəyər vergisinin bir qismindən azad olunacaq.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazirin sözlərinə görə, festivalın təşkili ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir və dünyada ilk dəfə olaraq bizdə bəzi yeniliklər olacaq.

Nazirin sözlərinə görə, ƏDV-nin bir qismindən azad olunma ilə bağlı yenilik yalnız festivalın iştirakçısı olan mərkəzlərdə tətbiq ediləcək. Pulu isə sakinlər ya həmin gün elə alış-veriş etdikləri mərkəzdən ala, ya da 10 gün ərzində şəxsi hesablarına yatızdıra bilərlər. Nazir bu festivalın ildə 2 dəfə keçirilməsinin dövlət büdcəsinə 50-60 milyon gəlir gətirəcəyini də qeyd edib.

Əbülfəs Qarayev həmçinin festival ərəfəsində ölkəmizə şəxsi avtomobilləri ilə gəlmək istəyən turistlərin rahatlığının təmin olunması barədə də danışıb. Nazirin sölərinə görə, bu məsələ ilə bağlı artıq müvafiq dövlət qurumları ilə danışıqlar gedir və yaxın vaxtlarda turizm şurasının iclasında bununla bağlı yekun qərar qəbul olunacaq.

Əbülfəs Qarayev iranlı musiqiçi Meysam Hodratın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində konsert verməsinə də münasibət bildirib.

Qeyd edək ki, martın 27-də iranlı musiqiçi Meysam Hodrat Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində konsert verib.

Bütün xəbərlər Facebook səhifəmizdə