“Milli adət-ənənələrimizi yaşadaq”

“Milli adət-ənənələrimizi yaşadaq”

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüz və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsi məqsədi ilə irəli sürdüyü "Milli adət-ənənələrimizi yaşadaq" adlı təşəbbüs çərçivəsində ədəbi-musiqili tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə xarici ölkələrin respublikamızdakı səfirliklərinin təmsilçiləri, ali təhsil müəssisələrinin rektorları, KİV-in tanınmış nümayəndələri, həmçinin ADU-nun professor, müəllim və tələbə heyəti iştirak edib.

Professor Əfqan Abdullayev milli günlə bağlı təşəbbüsün mahiyyətindən danışaraq hər ayın bir günü universitetin əməkdaşları və tələbələrinin könüllü olaraq dərsə milli geyimdə və ya milli geyimin hər hansı bir elementini əks etdirən tərzdə gəlməsinin nəzərdə tutulduğunu qeyd edib. O, bu təşəbbüsün həyata keçirilməsinin milli adət-ənənələrimizin qorunması baxımından əhəmiyyətli olduğunu sözlərinə əlavə edib.

Tədbirdə ADU rəhbərliyi tərəfindən universitetin əmək fəaliyyətində fərqlənən xanım əməkdaşlarına 8 Mart-Beynəlxalq Qadınlar günü münasibəti ilə mükafat verilib.

Tədbirdə respublikamızın tanınmış xanəndələri, universitetin tələbələri çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə