Rəşid Behbudov adına 2 saylı onbirillik Musiqi məktəbi 85 yaşını qeyd edir
Bakının sayılıb-seçilən musiqi təhsili ocaqlarından biri də Rəşid Behbudov adına 2 saylı onbirillik Musiqi məktəbidir. Təhsil müəssisəsi bu il 85 illik yubileyini qeyd edir. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Filarmoniyasında məktəbin şagirdləri geniş konsert proqramı ilə çıxış edəcəklər. Kollektiv Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyində Azərbaycan Dövlət Simfonik Orkestri ilə bir səhnəni bölüşəcək. Proqramda R.Abdullayev, A.Rzayev, F.Mendelson, E.Qriq, C.Rossini, T.Quliyev, Motsart və digər bəstəkarların yaradıcılığına müraciət olunacaq.
Musiqi məktəbinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva bildirib ki, məktəbin əsas məqsədlərindən biri şagirdlərin öz yaradıcı potensialını aşkar etməkdə onlara dəstək olmaqdır: "Kollektiv bu məqsədləri həyata keçirmək üçün bütün imkanlara malikdir. Müəllimlərimiz uşaqları öz Vətənini, xalqını və milli dəyərlərini qiymətləndirən şəxsiyyətlər kimi yetişdirməyi özlərinə borc bilirlər. Respublikada musiqi təhsilinin ön sıralarında gedən qocaman sənət ocağı yeni nəslin musiqi tərbiyəsində mühüm rol oynayır".
Qeyd edək ki, 1931-ci ildə Bakıda 1 və 2 nömrəli musiqi məktəbləri açılıb. 2 nömrəli Musiqi məktəbində bir çox məşhur müəllimlər dərs deyib. Bu sırada L.Yeqerova, R.Siroviç, R.Gelman, M.Rudolf və digərlərini qeyd etmək olar. İlk illərdə Azərbaycan Dövlət Filarmoniyasının binasında yerləşən məktəb 1 sentyabr 1940-cı il tarixdən müstəqil fəaliyyət göstərib. Ötən illər ərzində məktəbdə bir çox tanınmış musiqiçilər nəsli yetişib. Xalq artistləri Musa Mirzəyev, Zöhrab Adıgözəlzadə, Şəfiqə Eyvazova, əməkdar incəsənət xadimləri, musiqişünaslar İmruz Əfəndiyeva, Zemfira Qafarova, Həcər Babayeva, əməkdar artistlər Adil Gəray, Azər Dadaşov, Gövhər Həsənzadə və başqaları bu musiqi ocağının yetirmələridir. Həmçinin dirijor Əyyub Quliyev, əməkdar artistlər Elnur Əhmədov, xanəndə Fərqanə Qasımova, pianoçu Nigar Məlikova, skripkaçı Vadim Sandler də musiqi məktəbinin tanınan məzunları sırasındadır.
1990-cı ildə məktəbə dünya şöhrətli müğənni SSRİ Xalq artisti Rəşid Behbudovun adı verilib. 2006-cı ildən etibarən 2 nömrəli Musiqi məktəbi onbirillik tədris müəssisəsinə çevrilib. Son illərdə məktəbdə musiqi təhsilinin təkmilləşməsi istiqamətində işlər aparılır. Məktəbin şagirdləri möhtəşəm konsert salonlarında çıxışlar edir, respublika və beynəlxalq müsabiqələrdə uğur qazanırlar. Təhsil ocağının nəzdində şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi və skripkaçılar ansamblı fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB