Naxçıvanlı gənclər amerikalı müğənnini heyrətləndirdi

Naxçıvanlı gənclər amerikalı müğənnini heyrətləndirdi

Naxçıvanlı həvəskar gənc rejissor Elvin Cəfərin amerikalı məşhur DJ Ship Wrekin oxuduğu "Pain" (Ağrı) mahnısına çəkdiyi klip müəllifin xoşuna gəlib. İnternet üzərindən mp3 formatında yayımlanan mahnının müəllifi ondan hamının sərbəst şəkildə istifadəsinə icazə verib. Elvin Cəfər də bəyəndiyi bu mahnı üçün Nail Seyidovla birlikdə ssenari hazırlayıb. Operatorluğu və montajı da Elvinə aid olan klipdə Nail Seyidov aktyor kimi çəkilib. Prodüser isə Əziz İbrahimovdur.

Çəkilişlər Şahbuz rayonunun Kükü kəndində aparılıb. Amerika Birləşmiş Ştatlarının Virginiya əyalətinin Riçmond şəhərində yaşayan müğənni naxçıvanlı gənclərin hazırladığı 4 dəqiqə 45 saniyəlik klipi bəyəndiyini və təbiətin əsrarəngizliyindən heyrətə gəldiyini bildirib.


Müğənni özü də bu klipi sosial şəbəkədə paylaşacağını vurğulayıb.

Xatırladaq ki, "Pain" (Ağrı) mahnısına çəkilən klip həvəskar rejissor Elvin Cəfərin ikinci klipidir. "Simmetriya Move" adı ilə Naxçıvanı tanıdan sosial roliklər hazırlayan gənc rejissorun ilk klipi naxçıvanlı gənc müğənni Mete Romanın "Sən artıq evlisən" adlı mahnısına çəkilib. İndi isə gənclərin yaratdığı qrup "Nels film" adı ilə fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə