Bərdə Dövlət Rəsm Qalereyasında, Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi Bərdə Turizm İnformasiya mərkəzi ilə birgə "Bərdə abidələri uşaqların gözü ilə" adlı rəsm sərgisi nümayiş olunub. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Rəsm Qalereyasının direktor əvəzi Səbuhi Qasımov ilk öncə sərgi iştirakçılarını salamlayıb. Qeyd edib ki, Bərdənin keçmişi, tarixi abidələrinin tanıdılması və gələcək nəsillər üçün yaşadılması baxımından sərginin böyük əhəmiyyəti vardır. İlk dəfə keçirilən tarixi abidələrlə bağlı sərgi gələcəkdə də mütəmadi keçirələcək. Daha sonra çıxış edən Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov Azərbaycanın turizm sahəsində son illərdə görülmüş işlərindən bəhs edib. Çıxışında vurğulayıb ki, tarixi keçmişdən yadigar qalan abidələrimizin zənginliyi turistlərin respublikamıza, həmçinin rayonumuza cəlb olunmasında ən başlıca səbəblərdən biridir. Tariximizi bütün dünyaya tanıtmaq üçün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun diqqət və qayğısı nəticəsində tarixi abidələrimiz yenidən bərpa olunaraq keçmiş görkəmlərini alırlar. Çıxışlardan sonra sərgiyə baxış keçirilib. 4 saylı uşaq incəsənət məktəbinin rəsm müəllimi Rəşad Hüseynov şagirdlərin çəkdikləri rəsmlər haqqında iştirakçılara geniş məlumat verib. Tədbirin sonunda şagirdlər Turizm İnformasiya Mərkəzinin həvəsləndirici diplomları ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB