Cənub bölgəsində turizmin mövcud vəziyyəti müzakirə olunub FOTOLAR
Masallıdakı Heydər Əliyev Mərkəzində "Cənub bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda regional müşavirə keçirilib. SİA-nın məlumatına görə, müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, turizmlə bağlı ayrı-ayrı nazirlik və digər dövlət qurumlarının, cənub zonası rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, bölgədəki turizm obyektlərinin sahibləri iştirak edib.
Müşavirəni giriş sözü ilə açan nazir Əbülfəs Qarayev Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamdan irəli gələn vəzifələrdən danışıb. Bildirib ki, sərəncam ölkəmizdə turizmin inkişafı ilə bağlı qarşıya yeni məqsəd və vəzifələr qoyur: "Ölkə başçısının diqqət və qayğısı sayəsində turizm sahəsində aparılan islahatlar artıq intensiv xarakter alıb. Bu tədbirlərin ölkə üzrə balanslaşdırılmış şəkildə həyata keçirilməsi, mövcud potensialın hərəkətə gətirilməsi regionların sosial-iqtisadi inkişafının yüksəlməsinə, habelə Azərbaycanın daha geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradır".
Bölgənin mövcud turizm infrastrukturundan danışan nazir bildirib ki, sektorun inkişafı bölgədəki rayonlar arasında qeyri-bərabər səviyyədədir. Belə ki, Lənkəranda 17, Masallıda 15, Astarada 2, Cəlilabadda 1, Yardımlıda 2, Biləsuvarda 2, Salyanda 1, Lerikdə 4, Neftçalada 1 qeydiyyatdan keçmiş mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Hazırda Lənkəranda 2, Astarada 3, Yardımlıda 2 hotel tikilməkdədir.
Əbülfəs Qarayev bu ilin doqquz ayında ötən ilin müvafiq dövrünə nisbətən ölkəmizə gələn turistlərin sayının artdığını vurğulayıb. Bildirib ki, ötən müddət ərzində təkcə qonşu İrandan gələn turistlərin sayı 30 faiz artıb.
Nazir ümidvar olduğunu bildirib ki, müşavirədə aparılan müzakirələr bölgədə turizmin inkişafı baxımdan əhəmiyyətli olacaq.
Müşavirədə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov cənub bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə geniş məlumat verərək, keçirilən monitorinqin nəticələrini açıqlayıb. Vurğulanıb ki, bu zona Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayonlarını əhatə edir. Ərazi müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir. Ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və sair turizm növləri üçün geniş potensial var. Bölgənin turizm imkanlarının daha geniş şəkildə təbliğ olunması, yerli turizm məhsullarının və marşrutlarının turistlərə təqdim edilməsi, habelə bu sahədə xidmətlərin göstərməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən infoturlar keçirilir, mədəni turizm marşrutları yaradılıb və digər təşviqedici tədbirlər görülür.
Sonra Kənd Yaşıl Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Qəhrəman Yusupov bu turizm növü ilə bağlı təqdimat edib.
Müşavirədə ölkə başçısının müvafiq sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar görüləcək işlər geniş müzakirə olunub, qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib. Bölgədə turizmin inkişaf istiqamətləri və mövcud problemlərə dair fikir mübadiləsi aparılıb, çıxış edən sahibkarların turizmlə bağlı təklifləri qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB