Azərbaycanla Türkiyə sağlamlıq turizmi sahəsində geniş əlaqələr qurur FOTOLAR
Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin, sağlamlıq turizmi obyektlərinin və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrindən ibarət bir qrup Türkiyənin termal turizm məkanlarına səfər edib. SİA-nın məlumatına görə, Türk Hava Yolları, "NG hotel qrup", "Nobel" Tibb Mərkəzi və "Kaya Termal"ın dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə reallaşan səfər Türkiyənin əsas termal turizm mənbələrinin yerləşdiyi Afyon, Dənizli və İzmir bölgələrini əhatə edib.
Səfər müddətində iştirakçılar əvvəlcə Afyonun termal turizm təsislərindən olan "NG Afyon", "Korel Termal", "İkbal Termal" və "Oruçoğlu Termal"la tanış olublar. Azərbaycan nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, bu bölgədə 26 termal mənbə var ki, bunun da 13-ü fəaliyyətdədir. Buradakı hər bir hotel bir mənbənin üzərində yerləşir. Amma müalicəvi effektinə görə suların təsiri eynidir. Bu sulardan əsasən oynaq xəstəliklərinin, bel və boyun ağrılarının, sinir və müxtəlif dəri xəstəliklərinin, şəkərli diabetin müalicəsində istifadə olunur.
İnfotur iştirakçıları daha sonra bölgənin ən böyük hotellərindən biri olan "NG Hotel"də keçirilən dəyirmi masada iştirak ediblər. Tədbirə Afyonun dövlət və özəl qurumlarının təmsilçiləri qatılıb. Afyon valisinin köməkçisi Erhan Günay bölgənin turizm imkanları haqqında məlumat verib. Bildirib ki, dövlət bu sektorun inkişafı üçün mümkün olan bütün vasitələrdən istifadə edir.
Azərbaycan nümayəndə heyətinə başçılıq edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən də turizm sahəsində sıx əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb. Səfərin məqsədindən danışan assosiasiya sədri qeyd edib ki, hər iki ölkənin çox zəngin sağlamlıq turizmi imkanları var və turizmçilər bu imkanları dəyərləndirib bu sahədə də əməkdaşlıq etməlidir: "Bizim səfərimizin məqsədi də budur ki, Türkiyənin əsas sağlıq turizmi təsisləri ilə əlaqələr quraq. Türk Hava Yolları aviaşirkəti Azərbaycanla Türkiyə arasında il ərzində 750-yə yaxın uçuş həyata keçirir. İstəyirik bu uçuşların ən azı 3-5 faizi məhz sağlamlıq turizmi istiqamətində reallaşsın. Bu gün bu məqsədlə burdayıq".
Azərbaycan dövlətinin qeyri-neft sektorunda turizmin inkişafına çox böyük diqqət yetirdiyini deyən Ruslan Quliyev dövlət başçısının son vaxtlar bu istiqamətdə imzaladığı fərman və sərəncamlar haqqında məlumat verib. Bildirib ki, turizmin bütün istiqamətlərdə inkişafı artıq Azərbaycanda prioritet elan edilib.
"Agne Tours" şirkətinin İdarə Heyətinin prezidenti Ali Kaya Afyonda termal turizmin potensialından lazımi qədər istifadə olunmamasından danışıb. Şirkət rəhbəri qeyd edib ki, Azərbaycanla yaxın əməkdaşlıq qurmaqla bölgəyə daha çox turist gətirmək mümkündür.
Qarşılıqlı fikir mübadiləsi ilə müşayiət olunan dəyirmi masa daha sonra B&B görüşlərlə davam edib. Azərbaycandan gələn turizm şirkətlərinin nümayəndələri afyonlu həmkarları ilə qarşılıqlı turların təşkili ilə bağlı bir sıra əməkdaşlıq müqavilələri imzalayıblar.
İnfotur iştirakçıları oktyabrın 3-də Türkiyənin daha bir termal turizm cənnəti olan Dənizliyə səfər ediblər. Burada onlar Türkiyənin qədim tarixini və müasir turizm infrastrukturunu özündə birləşdirən Pamukkale ilə tanış olublar. Daha sonra Dənizlinin ən böyük sağlamlıq turizmi mərkəzləri olan "Pam Hotel", "Colossae" SPA Hoteli, "Nobel" Tibb Mərkəzi, "Tekden" sağlamlıq mərkəzinə səfər ediblər. Səfər zamanı azərbaycanlı qonaqları Dənizli valisi Ahmed Altıparmaq qəbul edib. Azərbaycana rəğbətini elə ilk dəqiqələrdən nümayiş etdirən vali iki ölkə arasında mövcud olan tarixi bağlardan, Türk əsgərlərinin Azərbaycanın, Azərbaycan əsgərlərinin də Türkiyənin azadlığı uğrunda döyüşüb şəhid olmasından danışıb. Qeyd edib ki, doğrudan da bir millətin iki dövləti olan Azərbaycanla Türkiyə bütün sahələrdə olduğu kimi, turizm sahəsində də yaxından əməkdaşlıq etməlidir. Ahmed Altıparmaq bu səbəbdən infoturu yüksək dəyərləndirdiyini də diqqətə çatdırıb.
Ruslan Quliyev Azərbaycanın turizm imkanları, son illər ölkədə qurulan yüksək səviyyəli infrastruktur, Naftalan neftinin, Qalaaltı suyunun müalicəvi xüsusiyyətləri barədə valiyə məlumat verib. Daha sonra Azərbaycanın milli mədəniyyətini özündə əks etdirən suveniri Ahmed Altıparmaqa təqdim edib.
Görüşdən sonra vali Azərbaycanın KİV nümayəndələrinə geniş müsahibə verib.
Dənizlidə qədim xalq sənəti nümunələrinin, o cümlədən ipəkçiliyin, toxuculuğun mərkəzi sayılan Buldan kəndi ilə tanışlıq da infotur iştirakçılarında maraqlı təəssürat yaradıb. Burada onlar Buldanın bələdiyyə başkanı Mustafa Gülbayla görüşüblər. Başkan azərbaycanlı qonaqların gəlişindən məmnunluğunu ifadə edib, Buldanı tanınmış turizm mərkəzinə çevirmək üçün görüləcək işlərlə bağlı onlara məlumat verib. Daha sonra Mustafa Gülbay Buldan sənətkarlarının əl işləri olan hədiyyələri qonaqlara təqdim edib.
Azərbaycan turizmçilərinin və KİV təmsilçilərinin səfəri daha sonra İzmir istiqamətində davam edib. İnfotur iştirakçıları burada "Kaya İzmir" hoteli ilə tanış olub, burada təşkil edilən seminara qatılıblar. Seminarda iki ölkənin turizm təmsilçiləri bir-biri ilə təcrübələrini bölüşüblər, nümunəvi sağlamlıq turizmi klasterlerinin yaranması imkanlarını dəyərləndiriblər.

.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB