Nazir müavini səfirlə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Syuzan Cəmili qəbul edib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan və Misir arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri görüşün müzakirə mövzusu olub.

Misir və Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə yüksək səviyyədə olduğunu qeyd edən görüş iştirakçıları gələcəkdə mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazir müavini Ədalət Vəliyev Misir ilə mədəni əlaqələrin intensivliyinin göstəricisi olaraq mütəmadi şəkildə keçirilən qarşılıqlı mədəniyyət günlərini qeyd edib.

Görüş zamanı xanım səfir Misirin milli bayramı – İnqilab Günü (23 iyul 1952-ci il) çərçivəsində 29 iyul 2016-cı il tarixində Bakı şəhərinin mərkəzində Misir folklor qrupunun konsertinin keçirilməsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkilati dəstək göstərilməsini xahiş edib.

Syuzan Cəmil tərəfindən səmimi qəbula görə nazir müavininə minnətdarlıq bildirilib. Həmçinin Misir və Azərbaycan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafına inam ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə