Özbəkistanda “Azərbaycanı tanıyaq” FOTOLAR

Özbəkistanda “Azərbaycanı tanıyaq” FOTOLAR

Daşkənddəki 30 saylı İnternat məktəbinin uşaqları üçün Özbəkistanın Çervak gölünün ətrafında təşkil edilmiş yay düşərgəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən "Azərbaycanı tanıyaq" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, xeyriyyə tədbirində Mədəniyyət Mərkəzinin əməkdaşları, məktəbin müəllim heyəti, İnternat məktəbinin 120 şagirdi, habelə Daşkənddəki 101 saylı fiziki qüsurlu uşaqlar üçün İnternat məktəbinin 30 şagirdi iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkəmiz, Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycan Mədəniyyət Mərkəzinin uşaq evləri ilə bağlı layihələri, gələcək Özbəkistan-Azərbaycan münasibətlərində bugünki nəslin rolundan danışıb.

Mədəniyyət Mərkəzinin kitabxanaçısı Kifayət Pirməmmədova tədbirdə Azərbaycanın mədəniyyəti, incəsənəti haqqında ətraflı məlumat verib.

Daha sonra tədbirin bədii hissəsində uşaqlar arasında maraqlı viktorinalar keçirilmiş, uşaq və yeniyetmələrə Azərbaycan, Özbəkistan, dövlət simvolları, mədəniyyəti, ədəbiyyatına dair suallar verilmiş, yaxşı nəticə göstərən şagirdlərə hədiyyələr verilib.

Sonra Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa etmiş, 30 saylı İnternat məktəbinin uşaqları musiqilər ifa edərək öz istedadlarını nümayiş etdiriblər.

Uşaqlara Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sovqatları, kiçik bayraqlar, ölkəmizin mədəniyyətinə dair kiçik suvenirlər hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə