Nazir BMT İnkişaf Proqramının (UNDP) rəhbəri Helen Klarkla görüşüb FOTO

Nazir BMT İnkişaf Proqramının (UNDP) rəhbəri Helen Klarkla görüşüb FOTO

Məlum olduğu kimi, nazir Əbülfəs Qarayev 28 iyun-1 iyul 2016-cı il tarixində Nyu York şəhərində səfərdədir. SİA-nın verdiyi xəbərə görə, səfər çərçivəsində nazir Əbülfəs Qarayev BMT İnkişaf Proqramının (UNDP) rəhbəri Helen Klark tərəfindən qəbul edilib. Görüşdə UNDP ilə Azərbaycan arasında əməkdaşlıq, xüsusilə mədəniyyət və turizm sahəsində davamlı inkişafın dəstəklənməsi perspektivləri müzakirə edilib. Nazir turizm menecmenti, turizm informasiya mərkəzlərinin açılması məqsədi ilə Bakıdakı UNDP ofisi ilə sıx əməkdaşlıq edildiyini qeyd edib.

H.Klark cari ilin aprel ayında Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçməsi münasibəti ilə naziri təbrik edərək Forumda müzakirə olunmuş məsələlərin BMT-nin qəbul etdiyi Davamlı İnkişaf Gündəliyinə uyğun olduğunu bildirib.

H.Klark həmçinin 2014-cü ildə Azərbaycan səfər etdiyini, ölkə rəhbərliyi tərəfindən qəbul edildiyini xatırladaraq Azərbaycanın müasir inkişafının onda xoş təəssurat yaratdığını söyləyib.

Əbülfəs Qarayev səmimi qəbula görə bir daha təşşəkkürünü bildirərək UNDP ilə birgə turizm vasitəsi ilə davamlı inkişafa nail olmaq istiqamətində xüsusi ilə də 2017-ci ilin BMT tərəfindən elan edilmiş "Davamlı Turizm Beynalxalq ili" çərçivəsində birgə layihələrin keçirilməsində maraqların olduğunu qeyd edib. Həmçinin nazir BMT rəsmisinin diqqətinə çatdırıb ki, Ermənistanın Azərbaycan torpaqlarının işğal altında saxlaması və bu münaqişə ölkəmizin eləcə də regionunun inkişafı və təhlükəsizliyi üçün ciddi maneədir.

Yekunda nazir Əbülfəs Qarayev H.Klarkı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə