Bəstəkar: “Yenidən konsert vermək üçün iki il fasiləyə ehtiyacım var” MÜSAHİBƏ

Bəstəkar: “Yenidən konsert vermək üçün iki il fasiləyə ehtiyacım var” MÜSAHİBƏ

Tanınmış bəstəkar İmruzə Hüseynovanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

-İmruzə xanım, tamaşaçılar sizi daim aktiv fəaliyyət göstərən bəstəkar kimi tanıyır. Bu fəallığı yeni konsert layihəsi ilə nümayiş etdirməyi düşünürsünüz?

-Mən çalışmaqdan yorulmuram, əksinə, bu, mənə zövq verir. Ötən il Heydər Əliyev adına Respublika Sarayında möhtəşəm konsert layihəsinə imza atdım. Düşünürdüm ki, bu, yaradıcılığımda verdiyim sonuncu konsertim olar. Lakin kütlənin tələbatını da nəzərə almalıyam. Bu baxımdan, musiqisevərlər yeni, irihəcmli layihələr gözləyirlər məndən. Amma nəzərə almaq lazımdır ki, bu, çox çətin və məsuliyyətli prosesdir. Yeni konsert layihəsini gerçəkləşdirmək üçün iki il fasiləyə ehtiyacım var. Bu zaman çərçivəsində bir çox bəstələr üzərində işləməliyəm.

-Yeni bəstələr dediniz... Bu günlərdə musiqisevərləri yeni bəstələrinizlə sevindirəcəksiniz?

-Mən daim tamaşaçıların mənəvi ehtiyaclarını ödəməyə çalışmışam. Bu, mənim üçün önəmli amildir. Hazırda, yaradıcılığıma yeni musiqi əlavə etmə mərhələsindəyəm. Belə ki, xalq artisti Flora Kərimova ilə birgə musiqi üzərində çalışmağa hazırlaşırıq. Bəstə artıq hazırdır. Çox güman ki, musiqini xalq artistinin 75 illik yubileyi ərəfəsində təqdim edəcəyik.

-Gənc müğənnilərlə necə, işləmək yorucu deyil ki?

-Xeyr. Əksinə, gənc müğənnilərlə də çalışmağı çox sevirəm. Onlarla çalışarkən insanın ruhu cavanlaşır. Mənim fikirlərimə də daima hörmətlə yanaşırlar.

-Yaradıcılığınızda başqa nə kimi yeniliklər etmək istəyərsiniz?

-Tam hisslərimdən xəbər verən sual oldu (gülür).Yaradıcılığımda filmlərə musiqi bəstələməyə də yer vermək istəyərəm. Buna çox böyük həvəsim var. Lakin bununla bağlı kifayət qədər təkliflər almıram. Sonuncu dəfə yerli televiziya kanallarından birində yayımlanan çoxseriyalı bədii filminə musiqi bəstələmək təklif olundu. Lakin nədənsə, başqa bəstəkarla çalışmağa qərar verdilər.

-Sizcə, buna səbəb nə olub?

-Bununla bağlı heç nə deyə bilmərəm axı! Yəqin ki, belə məsləhət bilinib. Bəlkə başqa musiqi filmin mövzusuna daha uyğun olub. Bununla bağlı heç düşünməmişəm.

-Bu istəyinizlə bağlı kinorejissorlara müraciət etmisinizmi?

-Xeyr. Kinorejissorların özləri istəsələr, müraciət edərlər. Yalnız bir dəfə-rejissor Ələkbər Muradovun xalq rəssamı Səttar Bəhlulzadə haqqında lentə aldığı "Sonuncu dərviş" filminə mahnı hazırlamışam. Çox da uğurlu alınıb. Yenə təklif olunsa, böyük məmnuniyyətlə istənilən janrda və mövzuda ekran əsərinə musiqi bəstələyə bilərəm.

Bütün xəbərlər Facebook səhifəmizdə