Xalq şairi Sabir Rüstəmxanlının 70 illik yubileyi qeyd olunub FOTOLAR

Xalq şairi Sabir Rüstəmxanlının 70 illik yubileyi qeyd olunub FOTOLAR

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Sabir Rüstəmxanlının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, millət vəkilləri Zahid Oruc, Qənirə Paşayeva, bir çox elm və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak edib.

Mərasimin açılışını edən şair, yazıçı-publisist İlqar Fəhmi tədbirə qatılmaq üçün təşrif buyuran tamaşaçı axınını Sabir Rüstəmxanlının şəxsiyyətinə və yaradıcılığına verilən dəyərin göstəricisi olduğunu bildirib. Onun sözlərinə görə, xalq şairinin yaradıcılığının qarşılığında bütün mükafatlar azdır.

Türkiyənin Böyükşəhər bələdiyyəsi rəhbərinin mədəniyyət üzrə müşaviri, şair-publisist Özcan Ünlü, Tatarıstanın Dövlət Şurasının deputatı, xalq şairi Robert Minnullin Sabir Rüstəmxanlının ədəbi fəaliyyəti ilə sərhədləri aşan görkəmli şəxsiyyət olduğunu vurğulayıb.

Mərasimdə çıxış edən qonaqlar Sabir Rüstəmxanlı ilə bağlı xatirələrini paylaşıb.

Tədbirin bədii hissəsində Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri konsert proqramı çıxış ediblər. Habelə, Sabir Rüstəmxanlının yaradıcılığından nümunələr səslənib.

Qeyd edək ki, çoxsaylı ədəbi mükafatlara layiq görülmüş şairin uzun illər ərzində "Ömür kitabı", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı" və digər şeir kitabları, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaları, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri", "Sunami" romanları işıq üzü görüb.

Bu əsərlərdən bir çoxu dünya xalqlarının dillərinə tərcümə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə