Azərbaycan Turizm və Menecment Universitetində "Azərbaycanda multikulturalizm yaşam tərzidir" mövzusunda respublika elmi konfransı keçirilib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri çıxış nitqi ilə açan ATMU-nun rektoru professor Cəfər Cəfərov konfrans iştirakçılarını salamlayaraq, cari ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən "Multikulturalizm" ili elan edilməsi ilə milli dövlətçilik məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq işində az da olsa köməklik məqsədilə "Azərbaycanda multikulturalizm yaşam tərzidir" mövzusunda respublika konfransının təşkilini yüksək qiymətləndirib və konfransda ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyini diqqətə çatdırıb.
Plenar iclasda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru professor Azad Məmmədov çıxış edərək Azərbaycanın müasir dövrdə dünyanın multikulturalizm mərkəzinə çevrilməsini qeyd edib. O, vurğulayıb ki, respublikamız bu sahədə bir çox dövlətlərə nümunə ola bilər. Dünyanın 13 ölkəsində ali təhsil müəssisələrində Azərbaycanın multikulturalizm modeli fənn kimi tədris planlarına daxil edilib.
Konfransın gündəliyinə 23 məruzə daxil edilib. Məruzələr əsasən, "Multikulturalizm və tolerantlığın mahiyyəti və təbliği", "Mədəni-etnoqrafik müxtəlifliyin dövlətçiliyin inkişafına təsiri", "Mədəni, dini müxtəlifliyin tolerant əsasları", "Multikultural dəyərlərin mədəniyyətlərin inkişafına təsiri", "Mədəni irsin təbliği və onun qorunması", "Azərbaycan multikulturalizm mərkəzidir", "Mədəni müxtəlifliyin turizmin inkişafına təsiri", "Multikulturalizm təbliğində bədii mədəniyyətin rolu" mövzularını əhatə edib.
Konfrans iştirakçılarından ATMU-nun dissertantları Liana Abdullayevanın ""Multikulturalizm Azərbaycanın dövləti siyasəti, cəmiyyətin həyat tərzidir", Elnurə Əliyevanın " Etnik mədəniyyətlərin turizmin inkişafına təsiri (Qax rayonunun timsalında)", Firuzə Raşovanın "Soxraneniye nasionalnoy kulturı v prosese diffuziyi", universitetin doktorantı Sənubər Qənbərovanın "Azərbaycan dünyaya tolerantlıq nümunəsi", Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Bağır Babayevin "Azərbaycan tolerantlıq modeli-xalqımızın əvəzsiz tarixi sərvəti və dünyaya yanaşma prinsipidir", Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı Əsmər Rzayevanın "Azərbaycanın siyasi təsisatlarında ümumbəşəri dəyərlərin təzahürü", Azərbaycan Dillər Universitetinin müəllimi Günel Yunusovanın "Mədəniyyətin ictimai inkişafında multikulturalizmin aparıcı rolu" mövzularında etdikləri məruzələr iştirakçılar tərəfindən maraqla dinlənilib.
İclasda diqqət müasir dövrdə tolerantlığın, mədəni, dini və linqvistik müxtəlifliyin qorunmasına, bu istiqamətdə aparılan işləri nəzərə alaraq multikultural dəyərlərin müdafiəsi və dünyada mövcud olan multikulturalizm modellərinin müqayisəli təhlili əsasında daha mükəmməl modelinin hazırlanmasına və aparılan tədqiqatların tətbiqi mexanizminin müəyyənləşdirilməsinə, mədəni-etnik müxtəlifliyin dövlətçiliyin inkişafına xidmət göstərməsi yollarının müəyyənləşdirilib həyata keçirilməsinə yönəlib.
Konfrans Yekun Plenar İclasla başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB