“Çölçü” beynəlxalq festivalda

“Çölçü” beynəlxalq festivalda

Rejissor Şamil Əliyevin "Çölçü" bədii filmi Rumıniyanın Buxarest şəhərində keçiriləcək beynəlxalq film festivalında nümayiş olunacaq. "Azərbaycanfilm" kinostudiyasından SİA-ya verilən xəbərə görə, festival mayın 20-25-də keçiriləcək.

"PAMANTENİ" Birliyi və "Black Sea Trust"ın təşkilatçılığı ilə keçiriləcək festivalda 9 ölkənin filmləri nümayiş olunacaq.

Festivalın keçirilməsinin məqsədi dünya xalqlarının mənəvi və mədəni dəyərlərinin təbliği, mübadiləsi, kinematoqrafın inkişafına yeni, müsbət meyarların gətirilməsidir.

Qeyd edək ki, "Çölçü" bədii filmi 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında lentə alınıb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və digərləri canlandırıb.

Filmin süjet xətti şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə yaşayan gənc çölçüdən bəhs edir. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, onu böyük, bixəbər olduğu dünyaya daxil edir...

Film indiyədək 29 beynəlxalq kinofestival və forumlarda iştirak edib bir neçə mükafat və diplomlara layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə