Azərbaycan Xalça Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Hər zaman qəlbimizdəsən" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, öncə ərazilərimizin bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova tədbirin iştirakçılarını salamlayaraq, Ulu Öndər Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti barədə məruzə ilə çıxış edib: "Ulu Öndər fəaliyyətində daim mədəniyyətdə əməkdaşlığa, qarşılıqlı hörmətə, qonşuluq əlaqələrinə əhəmiyyət verirdi. O, Azərbaycan milli mədəni irsinə, folkloruna, zəngin incəsənət nümunələrinə xüsusi münasibətlə yanaşırdı. 1972-ci ildə Azərbaycanda ilk Xalça Muzeyinin yaradılması da Ümummilli Liderimizin təşəbbüsü ilə həyata keçirilib. Heydər Əliyev həmçinin, Şərqdə xalçaçılıq sənətinin tarixi ilə bağlı YUNESKO-nun həyata keçirdiyi beynəlxalq simpoziumun Bakıda keçirilməsinin səbəbkarıdır. Ulu Öndər 1972-ci ildə Xalça Muzeyinin inkişafı məqsədilə limitsiz maliyyə yardımın ayrılması haqqında Sərəncam imzaladı.
Ümummilli Liderin sənətə, sənətkara göstərdiyi diqqət və qayğının nəticəsində ölkədə Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Cəfər Cabbarlı, Bülbül, Niyazi və bu kimi digər görkəmli şəxsiyyətlərin ev muzeyləri yaradıldı.
Dahi siyasi xadimin fəaliyyətini layiqincə davam etdirən ölkə başçısı cənab İlham Əliyev də qədim xalçaçılıq sənətinin tarixi köklərinin mənsubiyyətinə xüsusi qayğı ilə yanaşaraq, onun YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasına müvəffəq oldu".
Daha sonra xalçaçı-rəssam Eldar Mikayılzadə çıxış edərək Ulu Öndərlə bağlı xatirələrini paylaşıb. O, bildirib ki, Azərbaycanın ziyalılarının həyatında Ümummilli Liderin xüsusi yeri var.
Tədbirdə həmçinin, Ulu Öndərə həsr olunan "Ən yaxşı inşa" müsabiqəsinin qalibləri sertifikatla təltif olunub.
Sonda Bakı şəhəri 7 və 178 saylı tam orta məktəblərin şagirdləri tərəfindən Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş şeirlər səslənib.
Qeyd edək ki, tədbirin keçirilməsinin məqsədi dahi siyasi xadim Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, keçdiyi şərəfli və mənalı ömür yolu və onun mədəniyyət və incəsənət sahəsinin inkişafındakı rolu barədə məlumat verməkdir.
Fotolar: Cəlil Rəcəbli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB