Milli Kitabxanada "Azərbaycan kitabxana ensiklopediyası" (AKE) kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Atatürk Mərkəzinin müdiri, millət vəkili, professor Nizami Cəfərov, tarix elmləri doktoru, professor Abuzər Xələfov, Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov və digər elm xadimləri, şəhər kitabxanasının direktorları və KİV nümayəndələri iştirak edib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək nəşr olunan ensiklopediyanın kitabxanaçılıq ənənələrinin qorunub gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətindən danışıb: "Bu kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında Kitabxana İnformasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramı"na əsasən, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Ensiklopediya Azərbaycanda kitabxana işi sahəsində ilk fundamental soraq-məlumat nəşridir. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan vəsasit kitabxanaçılıq tarixinə ən mühüm töhfədir".
Çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ensiklopediyanın Azərbaycan mədəniyyətinin inkişafında, cəmiyyətin bilik potensialının formalaşmasında və kitab vasitəsilə maariflənməsində əlamətdar hadisə olduğunu vurğulayıb: "Ensiklopediyada dünya kitabxanaçılıq təcrübəsinin ən mühüm yekunları, milli kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq mədəniyyətinin nailiyyətləri ümumiləşdirilib.
Vəsait elmi redaktor, professor Abuzər Xələfovun birbaşa nəzarəti əsasında çap olunub. Abuzər Xələfovun kitabxanaçılıq sahəsinin təşəkkülündə, formalaşmasında əməyinin qarşılığı olaraq, illərin mənzərəsini əks etdirən belə elmi toplunun ərsəyə gəlməsi kitabşünaslığın da tarixində əlamətdar hadisədir".
Sonra Vaqif Əliyev BDU-nun böyük elmi şurasının qərarı ilə, Universitetin professor heyəti arasında ilk dəfə olaraq, Azərbaycanda kitabxanaçılıq elminin banisi, əməkdar mədəniyyət işçisi, professor Abuzər Xələfovun BDU-nun "Fəxri professor"u Fəxri adına və diplomuna layiq görüldüyünü bildirib.
Atatürk Mərkəzinin müdiri, millət vəkili, professor Nizami Cəfərov çıxışında ensiklopediyanın kitabxana tarixinin avtobioqrafik toplusu olduğunu qeyd edib. O, nəşr olunan kitabın uzun illərin əməyi nəticəsində ərsəyə gəldiyini ifadə edib: "Ensiklopediyada dərc olunan bütün məqalələrin arxasında geniş tədqiqat prosesi dayanır. Burada xarici ölkələrdə kitabxana işinin nəzəriyyəsi və təcrübəsi sahəsində əldə edilən yekunlar, beynəlxalq əhəmiyyət kəsb edən fakt və hadisələr, dünya kitabşünaslığında və kitabxanaçılığında, həmçinin, beynəlxalq təşkilatların fəaliyyətində müstəsna xidmətləri olan görkəmli xadimlər haqqında məqalələr yer alır".
Ölkəmizdə kitaba və kitabxanaçılıq sahəsinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıldığını bildirən professor Abuzər Xələfov belə vəsaitin hazırlanmasını müstəqil Azərbaycan elminin nailiyyəti olduğunu vurğulayıb: "Sevindirici haldır ki, ötən illərə nəzərən, bu gün milli kitabxanaçılıq sahəsi sürətlə inkişaf edir, dünya təcrübəsindən bəhrələnərək, yeni tarixi mərhələyə qədəm qoyur. Belə ki, əvvəllər kitabxanaçılıqda tamamilə başqa sahənin təhsilini alan, fərqli peşəyə sahib olan insanlar çalışırdılar. Bu, təbii olaraq, kitabxanaçılığın inkişafına maneə olurdu. Lakin BDU-da kitabxanaçılıq fakültəsinin yaradılması ilə təkcə cəmiyyətin maariflənməsinə deyil, eyni zamanda, bu sahənin yeni istiqamətdə formalaşmasına təkan verdi. Hesab edirəm ki, bu ensiklopediya da informasiya mübadiləsində ümidlərimizi doğruldacaq".
Digər çıxış edənlər bu fundamental vəsaitin nəinki kitabxana-informasiya işçiləri, hətta müxtəlif elm sahələrində çalışan nümayəndələr üçün də yararlı olduğunu ifadə ediblər.
Sonda tədbir iştirakçıları Azərbaycanda kitabxana işinin tarixi, inkişaf mərhələləri, kitab çapı və kitabşünaslığı əhatə edən geniş sərgi ilə tanış olublar.
Qeyd edək ki, "Azərbaycan kitabxana ensiklopediyası"nın layihə rəhbəri mədəniyyət və turizm naziri, fəlsəfə üzrə fəlsəfə doktoru Əbülfəs Qarayev, baş redaktoru Azərbaycan Milli Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, elmi redaktor BDU-nun Kitabşünaslıq kafedrasının müdiri, professor Abuzər Xələfovdur.
Ensiklopediyanı hazırlamaqda məqsəd, respublikada bu sahədə əldə olunmuş professional biliklərin toplanması, onların yığcam şəkildə işlənərək geniş kitabxana cəmiyyətinin istifadəsinə verməkdir. AKE-nin hazırlanmasında Milli Kitabxananın kitabxanaşünaslıq, əsasən də terminologiya sahəsində illər uzunu əldə etdiyi təcrübənin böyük əhəmiyyəti olmuşdur.
AKE kitabxana işinin demək olar ki, bütün sahələrini əhatə edən ensiklopedik məlumatları özündə əks etdirən məqalələrdən ibarətdir. Burada əsas kitabxana terminləri və anlayışlar, Azərbaycanda kitabxana işinin tarixi: qədim, orta dövr və yeni yaranmış kitabxanalar, ayrı-ayrı görkəmli şəxslərin – Abbasqulu Ağa Bakıxanovun, M.F.Axundzadənin, Mirzə Kazım bəyin və digərlərinin şəxsi kitabxanaları, xalq qiraətxanaları, dünyanın ən iri kitabxanaları, müasir kitabxanaçılıq təcrübəsinin mühüm yenilikləri və yekunları haqqında məlumatlar geniş yer alıb.
AKE-yə həmçinin, dünya kitabxanaşünaslığında və Azərbaycan kitabxana sahəsində xüsusi xidmətləri olan, fəxri adlarla təltif edilmiş şəxslərin həyat və fəaliyyətlərini geniş əks etdirən məqalələr daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB